AZ

Xəzər ekosistemi: mövcud vəziyyət və gələcək risklər - ARAŞDIRMA

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla yanaşı, həm də unikal ekosistemə malikdir. Azərbaycanın Xəzər sahili dəniz ekosisteminin mühüm bir hissəsini təşkil edir. Burada zəngin bioloji müxtəliflik, dəyərli balıq ehtiyatları (xüsusən nərəkimilər və qara kürü), enerji resursları və s. cəmləşmişdir.

Lakin son onilliklərdə antropogen fəaliyyət nəticəsində ekosistemin tarazlığı pozulmuş, çirklənmə və iqlim dəyişikliyi kimi faktorlar ciddi ekoloji problemlər doğurmuşdur.

Hazırda Xəzər dənizinin ekosistemi hansı əsas çirklənmə mənbələrindən əziyyət çəkir?

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev Operativ Media-ya bildirib ki, Xəzər dənizinin ekoloji vəziyyəti xüsusilə son onillikdə ciddi risk və təhlükələrlə üzləşib:

"Səviyyənin qeyri-stabil enməsi, sənaye və məişət çirkab sularının dənizə axıdılması, bioloji müxtəlifliyin azalması, plastik tullantılar kimi amillər dəniz ekosistemini təhdid edir. 2025-ci ildə Xəzər dənizinin ekosistemi bir neçə əsas çirklənmə mənbəyindən əziyyət çəkir. Ən önəmli mənbə qurudan dənizə daxil olan tullantılar – xüsusilə Volqa çayı kimi gursulu su obyekti vasitəsilə gələn sənaye və məişət suları, gübrələr, pestisidlər və ağır metallardır. Bu axıntılar dənizdə biogen maddələrinin (azot, fosfor) çoxalmasına və nəticədə sahilboyu zonalarda oksigen çatışmazlığı kimi problemlər yaranmasına səbəb olur".

O, bildirib ki, sənaye müəssisələrinin yetərincə təmizlənməmiş axıntıları, gəmiçilik və liman fəaliyyəti (ballast suları, yanacaq sızmaları) də dənizin vəziyyətini ağırlaşdırır:

"Son illərdə plastik tullantılar, xüsusilə də itirilmiş balıqçılıq torları və mikroplastiklər ekosistemdə artan problemə çevrilib. Kənd təsərrüfatı sahələrindən gələn gübrə və pestisid axıntıları da sahil sularında əlavə çirklənmə yükü yaradır. Nəhayət, iqlim dəyişikliyi və Xəzər dənizinin səviyyəsinin enməsi mövcud çirklənmənin təsirini daha da artıraraq dayaz zonalarda oksigen çatışmazlığına və biomüxtəlifliyin azalmasına səbəb olur. Bütün bu faktorlar birlikdə Xəzərin canlı aləminə, xüsusilə nərə balıqları və Xəzər suitisi kimi həssas növlərə ciddi təhlükə yaradır".

Xanlar Mehdiyev qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) əsas funksiyalarından biri də su obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətin həyata keçirilməsindən ibarətdir:

"Xəzər dənizinin (gölünün) sahil zolağında su mühafizə zonalarının tələblərinə riayət olunması, dənizə axıdılan tullantı suların keyfiyyət tərkibinin nəzarətdə saxlanılması, sahil boyu su və su təsərrüfatı obyektlərinin təhlükəsizliyinə zərər yetirə biləcək fəaliyyətlərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi Xidmət tərəfindən müvəffəqiyyətlə həyata keçirilir".

Hansı ekoloji monitorinq sistemləri tətbiq olunur və onların nəticələri nələrdir?

Xidmətdən bildirilib ki, Azərbaycanda su ehtiyatlarının kəmiyyət və keyfiyyətinin qiymətləndirilməsi, onlardan səmərəli istifadənin təmin olunması, effektiv idarəetmənin təşkili, mühafizəsi və digər aktual problemlərion həlli baxımından suların monitorinqinin aparılması Xidmətin qarşısında duran prioritet məsələlərdəndir:

"Su ehtiyatlarının qiymətləndirilməsi üçün respublika ərazisində çay şəbəkəsi üzərində hidroloji müşahidə şəbəkələri qurulmuş, gündəlik olaraq suların kəmiyyətinə dair məlumatların toplanması və aidiyyəti dövlət qurumlarına operativ məlumatların təqdim olunması təmin edilmişdir. Kəmiyyət monitorinqləri çaylarda səviyyə və su sərfi, göllərdə isə səviyyə və həcm üzrə ölçmələr aparılmaqla həyata keçirilir.

Su obyektlərində suların keyfiyyətinin izlənilməsi və nəzarətdə saxlanılması məqsədilə SİMDNX tərəfindən plan-qrafik əsasında su nümunələri götürülür və laborator şəraitdə tədqiq olunur. İl ərzində təbii su obyektləri üzrə təqribən 30000-ə qədər nöqtədən su nümunəsi götürülərək 100000-dən çox kimyəvi, mikrobioloji, toksikoloji analizlər aparılır. Aparılan analizlər suların keyfiyyət tərkibinin dinamikasının müəyyənləşdirilməsinə, suda çirkləndirici maddələrin standartların tələblərindən kənaraçıxmaları barədə məlumatların toplanmasına, təhlilinə və proqnozların tərtib olunmasına xidmət edir.

Eyni zamanda, aparılan monitorinq işləri nəticəsində çaylara, göllərə, dənizə axıdılan tullantı suların mənbəyi müəyyən edilir. Ümumilikdə, monitorinq sistemi su resurslarının vəziyyətini qiymətləndirməyə, çirklənmə risklərini vaxtında müəyyənləşdirməyə və qabaqlayıcı tədbirlər görməyə imkan yaradır.

Həmçinin, görülən işlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində laboratoriyaların akkreditasiyası, müasir cihaz və avadanlıqların, analiz metodlarının tətbiqi və mütəxəssislərin təlimi davam etdirilir.

Hazırda Xəzər dənizinin ekosistemi bir sıra əsas çirklənmə mənbələrindən əziyyət çəkir. İlk növbədə, çirklənməyə səbəb neft-qaz hasilatı və dənizdə aparılan digər əməliyyatlar nəticəsində karbohidrogenlər, ağır metallar və s. çirkləndiricilərin dənizə daxil olmasıdır. İkinci mühüm problem isə çaylar vasitəsilə Xəzər dənizinə (gölünə) gətirilən sənaye və məişət tullantı sularının tərkibindəki çirkləndirici maddələrdir. Bu çirkləndiricilər azot, fosfor, fenol, səthi aktiv maddələr, müxtəlif tərkibli pestisidlərdir ki, onların dəniz suyuna qarışması bir tərəfdən dəniz ekosisteminin tarazlığının pozulmasına səbəb olur, digər tərəfdən insan sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Kənd təsərrüfatında gübrə və pestisidlərin istifadəsi sonradan bu maddələrin kollektor-drenaj suları ilə, həmçinin torpağa sızma nəticəsində çaylar vasitəsilə dənizə daşınaraq ekosistemdə çirklənmələrə səbəb olur.

Ümumilikdə, Xəzər dənizindəki ekoloji problemlər təbii amillər olaraq iqlim dəyişmələrinin yaratdığı fəsadlardan, eləcə də antropogen fəaliyyət nəticəsində sənaye və məişət tullantıları, kənd təsərrüfatı axıntıları, plastik və mikroplastik zibillənmədən qaynaqlanır".

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin tabeliyindəki akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev Operativ Media-ya danışıb.

O, bildirib ki, Xəzər dənizində çirklənmə mühüm problem olaraq qalır:

"Azərbaycan ərazisində Xəzərin sahil zonasında ekosistemin qorunması ilə bağlı tədbirlər həyata keçirilsə də, çirklənmə mühüm problem olaraq qalır. Çirklənmənin əsas mənbəyi həm məişət tullantıları, həm də dənizə daxil olan çaylardan gətirilən çirkli maddələrdir. Bu baxımdan, Azərbaycanda əsas rol Kür çayına məxsusdur. Lakin bütövlükdə Xəzər ekosistemində baş verən dəyişikliklərdə ən mühüm amil Volqa çayıdır. Son illərdə Volqa çayının gətirdiyi suyun həcmi təxminən 30 faiz azalıb. Bildiyimiz kimi, Volqa bütün Rusiya Federasiyası ərazisindən keçərək Xəzərə daxil olur və onun hövzəsində yerləşən şəhərlərdən xeyli miqdarda çirkab sularını dənizə gətirir. Suyun azalması nəticəsində xüsusilə Şimali Xəzərdə ekosistemə böyük təsirlər müşahidə olunur. Flora və fauna baxımından ən həssas bölgə də məhz həmin hissədir.

Azərbaycan ərazisindən də Xəzərə daxil olan çirklənmələrin rolu böyükdür. Kür çayı vasitəsilə gətirilən çirkli sular, şəhərlərin məişət tullantıları, həmçinin sahilyanı zonalarda əhalinin sıx yerləşməsi bu prosesi gücləndirir. Hazırda əhalimizin 60 faizdən çoxu Xəzər sahillərində məskunlaşıb, sənaye potensialının isə 80 faizi bu ərazilərdə cəmlənib. Bu səbəbdən antropogen təsirlər Xəzərin bioloji vəziyyətinə mənfi təsir göstərir.

Xüsusilə Qızılağac körfəzi ən həssas nöqtə hesab olunur. Son illərdə müşahidələr göstərir ki, burada Xəzər dənizi təxminən 2 kilometr geri çəkilib. Nəticədə boş qalmış ərazilərin ümumi sahəsi 40 min hektara çatır. Bu göstəricilər 1995-ci illə müqayisədədir. O vaxt Xəzərin səviyyəsi indiki göstəricidən 2 metrdən çox yüksək idi. Son 200 illik instrumental müşahidələrə əsasən, hazırda Xəzər ən aşağı səviyyəsinə enib".
 

Xəzərdə suyun səviyyəsi daha 10-15 il enməyə davam edəcək
 

Əmir Əliyev bildirib ki, bu proseslər bioloji müxtəlifliyə, xüsusilə də balıqçılıq sənayesinə ciddi zərər vurur: "Kür çayının deltasında yerləşən yemlənmə arealları 50 faizədək azalıb ki, bu da qiymətli balıq ehtiyatlarının azalmasına səbəb olub. Eyni zamanda, floranın vəziyyətinə də mənfi təsirlər müşahidə edilir. Səviyyənin getdikcə aşağı düşməsi bu prosesləri daha da sürətləndirir.

Müşahidələr və aparılan təhlillərə görə, 2040–2050-ci illərə qədər Xəzərin səviyyəsi indiki göstəricidən daha 1–1,5 metr aşağı düşəcək. Bundan sonra isə suyun yenidən qalxma prosesi baş verəcək. Aparılan paleoekoloji tədqiqatlar göstərir ki, son 4000 ildə Xəzərdə səviyyə təxminən hər 200–250 ildən bir dəyişir: əvvəl enir, sonra yenidən qalxır. Son ən yüksək səviyyə 1805-ci ildə müşahidə olunub. O vaxtdan bəri Xəzər enmə mərhələsindədir və bu prosesin daha 10–15 il davam edəcəyi ehtimal olunur".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ ekologiya və ətraf mühitin mühafizəsi üzrə hazırlanıb.

Nərmin Qocamanlı

Seçilən
93
operativmedia.az

1Mənbələr