Ağciyər Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Tevfik Özlü, xalq arasında "pişik tükünün ağciyərlərə getməsi" kimi tanınan vəziyyətin əslində allergik təsirdən yaranan "hiperhəssaslıq pnevmoniyası" olduğunu açıqlayıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu problem təkcə pişik tükləri ilə deyil, həm də quşların, göyərçinlərin, toyuq və qazların tüklərinə, eləcə də üzvi toz və tullantılara məruz qalan insanlarda da müşahidə edilə bilər.
Prof. Dr. Özlü bildirib ki, heyvanlarla təmasda olan, onların qulluq və təmizliyi ilə məşğul olan insanlarda risk daha yüksəkdir. O, xəstəliyin ilkin əlamətlərinin öskürək və nəfəs darlığı olduğunu, vaxtında diaqnoz qoyulmadıqda isə xroniki sətəlcəm formasına keçə biləcəyini qeyd edib.
Xəstəliyin simptomları arasında hərarət, yorğunluq, halsızlıq və tənəffüs çətinliyi də var. Mütəxəssis insanlara xəbərdarlıq edərək vurğulayıb ki, belə mühitlərdə çalışan və ya heyvanlarla sıx təmasda olan şəxslər diqqətli olmalı və ilk əlamətlər görünən kimi həkimə müraciət etməlidirlər.
Tərcümə: Könül Oruc
E-saglam.az