Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Qahirədəki Azərbaycan diasporunun rəhbəri Seymur Nəsirovu ordenlə təltif edib.
Misirin ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, təltifetmə Misirin Vəqflər Nazirliyi tərəfindən İslam peyğəmbərinin (s.ə.s) mövlud günü münasibətilə keçirilən tədbirdə baş tutub.
“Cənab Prezident intellektual və mədəni dəyərlərin təbliğində, tolerantlıq və mötədillik ruhunun yayılmasında müstəsna səylərini və xidmətlərini nəzərə alaraq cənab Nəsirovu birinci dərəcəli Elm və İncəsənət ordeni ilə təltif edib. Bu təltifetmə, Misir və Azərbaycan xalqları arasında mədəni və intellektual ünsiyyət körpülərinin qurulmasında fəal rolunun və davamlı səylərinin tanınması ilə cənab Nəsirovun üstün mövqeyini təcəssüm etdirir”, - açıqlamada vurğulanıb.
Qeyd olunub ki, birinci dərəcəli Elm və İncəsənət ordeni Misirin ən yüksək mükafatlarından biridir və yalnız öz möhkəm elmi səyləri ilə intellektual və mədəni həyatı zənginləşməsinə töhfə verən görkəmli alimlərə və maarifpərvər mütəfəkkirlərə verilir.