AZ

İtaliyanın əfsanəvi modelyeri Corco Armani 91 yaşında vəfat edib

Moda dünyasının “Kral Corcosu” son günlərinə qədər yaradıcılıqdan ayrılmayıb...

Poliqon xəbər verir ki, İtaliyanın əfsanəvi modelyeri Corco Armani 91 yaşında dünyasını dəyişib. Bu barədə La Repubblica qəzeti məlumat yayıb. Bildirilir ki, Armani xəstəxanadan evinə buraxıldıqdan sonra səhhətini bərpa etməyə çalışsa da, bu proses mediadan gizli saxlanılıb və yalnız onun ölümündən sonra açıqlanıb.

Məlumatda qeyd olunur ki, görkəmli dizayner səhhətinin ağır olmasına baxmayaraq, moda evinin işindən uzaqlaşmayıb. O, kişi kolleksiyasının nümayişlərinə şəxsən qatıla bilməsə də, son günlərinə qədər repitisiyaları FaceTime vasitəsilə izləyib. Armani kolleqalarının işinə diqqətlə yanaşır, modellərin obrazlarını dəyərləndirir, hətta qonaqların vaxtında zalda yerlərini almamasına görə təşkilatçılara sərt iradlar bildirirdi.

İtaliya mətbuatı onu “Kral Corco” adlandıraraq, “mütləq moda əfsanəsi, müasir üslubun universal ikonasının, qadınları azad edən, yeni stillər və dəblər yaradan, həm də mövcudluq formalarını yenidən kəşf edən şəxsiyyət” kimi səciyyələndirib. Yazıda vurğulanıb ki, əgər modada bir şəxsi Armanylə müqayisə etmək mümkündürsə, bu, yalnız Koko Şaneldir. Onun yaradıcılığının bənzərsizliyi də məhz bundadır – Armani zamanın ruhunu kimsənin anlamadığı kimi anlayır və onu geyimlərdə ifadə edirdi.

Qeyd edək ki, Corco Armani 1975-ci ildə öz brendini təsis edib və qısa zamanda moda sənayesinin ən böyük simalarından birinə çevrilib. Onun dəsti-xətti sadəliyin və zərifliyin sintezi, gündəlik geyimlərdə komfort və elit üslubun harmoniyası ilə seçilirdi. Armani həm də Hollivud ulduzlarının qırmızı xalçadakı əsas geyim müəllifi olub, kino və mədəniyyət dünyasının simvollarından birinə çevrilib.

Poliqon.info

Seçilən
125
poliqon.info

1Mənbələr