ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025–2026-cı tədris ilindən vahid məktəbli geyim formasından istifadə edəcək. Xəbərin yayılmasından sonra ölkəmizdə müəllimlər arasında vahid geyim formasının tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Şagirdlər üçün vahid forma artıq bir neçə ildir ki, tətbiq olunsa da, müəllimlərin geyimi ilə bağlı vahid yanaşma hələlik tam mövcud deyil. Bəziləri hesab edir ki, müəllimlər də xüsusi geyim formasında dərsə gəlməlidirlər, digərləri isə bunun fərdi məsuliyyət çərçivəsində həll olunmalı olduğunu düşünürlər.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə bildirib ki, geyim tərbiyəedici gücə malikdir. Onun sözlərinə görə, əsrlər boyu insanlar geyim məsələsinə mədəniyyətin göstəricisi kimi yanaşıblar.
“Bu konteksdə geyim mədəniyyəti anlayışı formalaşmışdır. Geyim mədəniyyəti hətta insanların fəaliyyətlərinə görə də fərqli məzmun daşımış, ev, iş, əyləncə, ziyafət, teatr, iclas və s. kimi geyim formaları həyata vəsiqə almışdır. Bu yolla insanlar geyim ilə fəaliyyət arasında müəyyən bağlılığın olduğunu təzahür etdirmişlər”.
O qeyd edib ki, geyim mədəniyyətlə yanaşı, həm də psixoloji effektlərə də malikdir.
“Belə ki, geyim insanın özünənəzarəti funksiyasını artırır. Daha dəqiq ifadə etsək, geyim insanın cəmiyyətdə, digər insanlar arasında özünü necə aparmasını şərtıəndirən amillərdən biridir. Əgər insanların fəaliyyətini müşahidə etsək, insanların öz davranışlarını tənzimləməsində geyimin nəzərəçarpacaq rol oynadığını görə bilərik. Geyim bu yolla insanın məzmununu inikas etdirən amilə çevrilmiş olur. Bu o deməkdir ki, geyimlər reallıqda həmçinin insanın peşə fəaliyyətinin təzahür forması kimi çıxış edir. Məsələn, hüquq-mühafizə orqanlarının fəaliyyətində bu amil öz əksini daha qabarıq şəkildə göstərir. Hər bir insan hüquq mühafizə orqanlarının hər bir işçisinin öz peşə fəaliyyətlərinin tələbləri müstəvisində apardıqlarının şahididir. Geyim mədəniyyəti həkimlik fəaliyyətində də öz təsbitini tapmışdır. Təmiz və ağ xalatlı insan görəndə hər bir insan ilk növbədə onun həkim olduğu qənaətinə gəlir”.
Professor həmçinin vurğulayıb ki, dünyanın inkişafının müəyyən dövrlərində təhsil sahəsində də, müəllim və tələbə (şagird) geyimləri təcrübəyə tətbiq edilmişdir:
“Biz “O olmasın bu olsun”, “Dəli Kür” və s. tarixi hadisələri əks etdirən filmlərdə müəllimin və tələnbələrin (şagirdlərin) xüsusi geyimlərdə olduğunu görürük. Xarici ölkələrin istehsal etdiyi filmlərdə də biz bu hadisənin şahidi oluruq. Həmin geyimlərdə həm müəllimi, həm də şagirdi çoxlu insan arasından fərqləndirmək, onları cəmiyyətdə hansı fəaliyyətlə məşğul olduqlarını ayırd etmək olur. Bu geyimin insana verdiyi üstünlükdür”.
H.Əlizadə eyni zamanda ölkəmizdə son dövrlərdə məktəblilər üçün vahid geyim formasına keçidi təqdir etdiyini deyib:
“Hətta fikrimcə, məktəbli formasının üzərində şagirdin təhsil aldığı məktəbin №-sinin, ad və familiyasının, yazılması yaxşı olardı. Bu onların öz davranışlarına harada olmasından asılı olmayaraq, nəzarətin artmasına səbəb olardı”.
Professor onu da əlavə edib ki, son günlərdə müəllimlər üçün də belə formanın olması haqqında müzakirələr gedir. O bu fikrə, müsbət münasibət bəslədiyini də dilə gətirib:
“Müəllim sinfə özünəməxsus formada daxil olmağını biz məqsədəuyğun hesab edirik. Onsuz vəzifəsinin məsuliyyətinə dərk edən müəllimlər məktəbə gedərkən akademik mühitin tələblərinə uyğun geyinirlər. Amma təm-təraqlı geyimlə məktəbə gələn müəllimlərin də olduğunun şahidiyik. Təbii ki, bər-bəzəkli geyimlə sinifə daxil olan müəllim şagirdlərin diqqətinin yayınmasına səbəb olur. Bu yol verilməzdir”.
“Bununla yanaşı, müəllimlər üçün xüsusi formanın olmasını məqsədəuyğun hesab etmirəm”,- həmsöhbətimiz söyləyib.
“Hesab edirəm ki, bu məsələni müəllimlərin öz məsuliyyətinə buraxmaq daha məqsədəuyğun olardı. Onlar isə öz növbəsində akademik mühitin tələblərinə uyğun geyimə üstünlük verməlidirlər. Unutmaq olmaz ki, geyim həm də tərbiyəedici təsir gücünə malikdir”,- deyə H.Əlizadə bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.