“Hesab edirəm ki, bu günlərdə Çində növbəti sammit keçirmiş ŞƏT-in aparıcı üzvlərinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı maraqları əksər hallarda üst-üstə düşür. Rusiyanı çıxmaq şərti ilə, Çinin də, Pakistanın da, Hindistanın da bu mövzuda baxışları uyğunlaşır. Həmin ölkələr maraqlıdır ki, Cənubi Qafqazdan keçən kommunikasiya dəhlizləri işə düşsün.”
Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az əməkdaşının “Bu günlərdə Çində keçirilmiş ŞƏT sammitindən sonra həmin təşkilatın aparıcı üzvlərinin yeni dünya düzəni qurmaq cəhdləri Azərbaycan-Ermənistan sülh prosesinə hansı təsirləri göstərəcək?” sualına cavab olaraq ifadə edib.
Analitikin fikrincə, Güney Qafqazdan keçən dəhlizlərin işə düşməsi üçün ən vacib şərt Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanmasıdır.
“Lakin biz artıq gördük ki, həmin Sülh Sazişinin paraflanması Vaşinqtonun nəzarəti altında həyata keçirildi. Və düşünmək ki, Vaşinqton bu prosesi nəzarətdən buraxacaq və ya qlobal Cənub və ya onun ayrı-ayrı ölkələrinin bu prosesi öz istədikləri şəkildə idarə etməklərinə imkan verəcək - buŞ bir qədər optimist yanaşma olardı. Əminəm ki, Vaşinqton bu məsələdə sona qədər israr edəcək və kommunikasiyaların nəzarətini öz əlinə keçirmək üçün çalışacaq. Lakin eyni zamanda Çin də sülh prosesində maraqlıdır. Ən azı Çin... Hindistan, ola bilsin, bölgədə gərginliyin yaranmasında maraqlıdır. Çünki Hindistanın silah bazarına ehtiyacı var və Ermənistan da bu baxımdan Hindistan üçün vacib bir bazardır.
Amma bütün bunlar həlledici rol oynamır. Çünki birincisi, Hindistan bölgədən coğrafi olaraq uzaqdır, ikincisi isə Hindistan qlobal oyunçu deyil. O bölgədə əsas söz sahibi, şübhəsiz, Çindir. Düşünürəm ki, bu mənada Pekin və Vaşinqtonun maraqları tamamilə üst-üstə düşür. Bu da Azərbaycan-Ermənistan Sülh Müqaviləsinin imzalanmasına yalnız müsbət təsir göstərə bilər”,- deyə Ərəstun Oruclu vurğulayıb.