Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransının açılışı olub.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək tədbirə Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Azərbaycan Texniki Universiteti, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Qarabağ Universiteti, ADPU-nun Şamaxı filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Batabat Astrofizika Rəsədxanası və Naxçıvan Dövlət Universitetindən iştirakçılar qatılıb.
Konfransı Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq bu elmi müəssisənin yaranma tarixi və inkişaf mərhələləri haqqında danışıb. Bildirib ki, müxtəlif zamanlarda bura kosmonavtların, tanınmış alim və mütəxəssislərin tez-tez ziyarət etdiyi məkana çevrilib, alimlərimizin əldə etdikləri elmi nəticələr dünyanın aparıcı elmi qurumlarının diqqət mərkəzində olub.
N.Cəlilov qeyd edib ki, dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması, eyni zamanda, Azərbaycanda kosmik sənayenin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətini daim diqqət mərkəzində saxlayan dahi rəhbər Heydər Əliyevin göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində Astrofizika kafedrası yaradılıb. Hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti həmin kafedranın məzunlarıdır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında qeyd edib ki, rəsədxana yarandığı gündən ölkəmizdə fundamental elmin inkişafına töhfə verib, bu gün də astronomiya sahəsində regionun aparıcı elmi mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Burada fəaliyyət göstərən alimlərimizin, mühəndislərimizin və texniki heyətin araşdırmaları təkcə ölkəmizin elm və təhsil tarixində mühüm yer tutmur, həm də dünya elmi ictimaiyyətində maraqla qarşılanır, beynəlxalq konfranslarda, nüfuzlu jurnallarda təqdim olunur. Şamaxı Astrofizika Rəsədxanası, eyni zamanda, respublikamızda gənc tədqiqatçıların yetişdirilməsi, onların beynəlxalq elmi mühitə inteqrasiyası baxımından əvəzsiz məktəbdir. Bu cür elmi tədbirlər təkcə regional deyil, həm də beynəlxalq səviyyədə elmimizin nüfuzunu artırır, ölkəmizin innovativ inkişafına, yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçidinə töhfə verir, gənc nəslin elmə marağını gücləndirir, Azərbaycanın dünya elmi xəritəsində daha möhkəm yer almasına şərait yaradır.
Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru Nəriman İsmayılov çıxışında elmi müəssisədə beynəlxalq və respublika konfranslarının keçirilməsi ilə bağlı görülən işlərə diqqət çəkib, bununla bağlı gənc kadrların fəaliyyətini qeyd edib.
Daha sonra konfransda “Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar” bölməsi üzrə elmi sessiya keçirilib.
Hibrid formatda təşkil olunmuş konfransda 9-u plenar olmaqla əyani və onlayn şəkildə 6 bölmə üzrə ümumilikdə 54 elmi məruzə dinləniləcək. Bundan başqa, konfrans çərçivəsində müasir riyazi fizika üzrə klassik olmayan modellər və onların fizika, aerodinamika, astrofizika və ulduz astronomiyasına tətbiqi haqqında vorkşopun keçirilməsi nəzərdə tutulur.