Berlin Ukyaynaya qoşun göndərməyə hazır deyil, lakin hava hücumundan müdafiəni gücləndirmək, hücum imkanlarını artırmaq və hərbi texnika ilə təmin etmək niyyətindədir...
Poliqon xəbər verir ki, AFP-nin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ-dən sonra Ukraynaya ən böyük hərbi yardım göstərən ikinci ölkə olan Almaniya təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun göndərməyə hazır deyil. Bunun əvəzində Berlin bir sıra strateji dəstək mexanizmləri təklif edib.
Məlumata görə, Almaniya Ukraynaya aşağıdakı təminatları verməyə hazırdır:
Hava hücumundan müdafiə sistemlərinin say və səmərəlilik baxımından ildə 20% artırılması;
Aviasiya sahəsində “hücum imkanlarının” gücləndirilməsi, xüsusilə də Almaniyanın maliyyə və texnoloji dəstəyi ilə Ukraynada istehsal ediləcək qanadlı raketlər hesabına Ukraynanın dörd mexanikləşdirilmiş piyada briqadası üçün yüzlərlə piyada döyüş maşını daxil olmaqla hərbi texnika;
Ukrayna hərbçilərinin təlimlərinin davam etdirilməsi;
Ukrayna ilə Avropa ölkələri arasında silah istehsalı sahəsində inteqrasiyanın gücləndirilməsində iştirak.
Eyni zamanda, Almaniya bu zəmanətləri yalnız üç şərt daxilində təqdim etməyə razıdır: ABŞ-ın da prosesdə iştirak etməsi, Rusiyanın danışıqlara cəlb olunması və koalisiya hökumətində, həmçinin Bundestaqda konsensus əldə edilməsi.
Siyasi müşahidəçilər qeyd edirlər ki, Berlinin mövqeyi həm Ukraynanın müdafiəsini gücləndirməyi, həm də diplomatik həll yollarını açıq saxlamağı hədəfləyir. Ekspertlər hesab edirlər ki, Almaniyanın bu addımı Avropanın təhlükəsizlik arxitekturasında həlledici rol oynaya bilər.
Poliqon.info