AZ

“Futbolçular çox istəklidi, hər biri istəyir ki, qələbə ilə Azərbaycan xalqını sevindirsin”

Reykyavik, yerli vaxtla 17.43, Bakı vaxtı ilə 21.43...

İslandiya – Azərbaycan oyununun keçiriləcəyi “Lyoyqartalsvyotlyur” stadionunda bu gün yığmanın baş məşqçisi Fernando Santuşla Emin Mahmudovun mətbuat konfransı başladı.

Söz əvvəlcə Eminə verildi:

- Bizi sabah ağır oyun gözləyir. Neçə gündü burdayaq, hazırlaşmışıq. Biz futbolçular baş məşqçinin tapşırılarını yerinə yetirib yaxşı nəticə qazana bilərik.

- Emin, artıq uzun müddətdi yığmada qol sayında rekord müzakirə olunmur. Sabah bu rekordun yenilənməsini görə bilərik?
- Əslində mən bu haqda yox, daha çox komandaya necə xeyir verəcəyimlə bağlı düşünürəm.

- Emin, “Qarabağ”ın sabiq qapıçısı Hannes Halldoursson son açıqlamasında Azərbaycan yığmasının heç bir şansının olmadığını deyib. Bəlkə sən bu haqda futbolçulara məlumat verəsən, onları qələbəyə kökləyəsən?
- Əlbəttə, bu da bizim üçün motivasiya olacaq. Biz sözümüzü sabah meydanda deməyə çalışacağıq.

- “Neftçi”də kapitan sarğısı uzun fasilədən sonra sənə qayıtdı. Sabah yığmada da sarğı sənə verilsə, bunun sənin üçün məsuliyyəti necə olacaq?
- Millidə oynayırıqsa, bundan artq motivasiya ola bilməz.

- Belə bir maraqlı fakt var. 2008-ci ildə Azərbaycan yığması İslandiyadan 1:1 hesablı heç-heçə ilə qayıtdı, özü də futbolçular dilxor idi.
- Biz sabah qələbə qazanmaq istəyirik.

Ardından Santuş oyunla bağlı danışdı:

- Bu, qrup mərhələsinin ilk oyunudu. Hər iki komanda çox həvəslidi. Səfərdə oynayacağıq. Rəqibi təhlil etmişik. Çox yaxşı təşkil olunan, mübarizə aparan komandadı. Bu müddət ərzində oyunçulatıma rəqib haqda yetərincə məlumat vermişəm.

- Fernando Santuş Portuqaliya yığması ilə Avropa çempionu olanda qrupda rəqiblərindən biri İslandiya idi. Və Portuqaliya həmin oyunda qələbə qazana bilməmişdi. İslandiya yığmasında nə dəyişib?
- Yenə deyirəm, əvvəlki İslandiya da güclü idi. Oyunboyu heç vaxt təslim olmurlar. Yerli publika komandaya yaxşı dəstək verir. Komandanın güclü çempionatlarda çıxış edən, təcrübəli oyunçuları var. Sabah gücümüzü meydanda qoymalıyıq.

- Havanın hərarəti dəfələrlə fərqlidi, arada 4 saatlıq fərq var. Bu amillər nə dərəcədi təsir edə bilər? Bir də yığmada kapitan sarğısı kimdə olacaq?
- Bura daha erkən gəlmişik ki, mühitə uyğunlaşaq. Belə uzun səfərdən sonra komandanın özünə gəlməsi üçün bir gün vaxt lazımdı. Sarğı Emində olacaq.

- Qarşıdakı iki oyunda hansı nəticəni Azərbaycan yığması üçün qənaətbəxş sayacaqsız?
- Əlbəttə, hər iki oyunda qələbə qazanmq bizə sərf edər. Danışmaqla deyil, sabah meydanda qələbə qazanmaq istədiyimizi göstərməliyik. Futbolçular çox istəklidi, hər biri istəyir ki, qələbə ilə Azərbaycan xalqını sevindirsin.

- Futbolçuların mental durumu haqda danışıldı. Sonuncu rəsmi oyunda 0:6 uduzmuşuq. Bu mənada futbolçulara nəyi unutmağı tapşırıbsız?
- 0:6 çox uzaq tarixdə qalıb. Tarix muzeydə qalır, vacib olan bugünkü nəticədi. Nə həyatda, nə də futbolda keçmişlə yaşamaq lazımdı.

- Möcüzəyə inanırsızmı?
- Yox, möcüzəni də insanlar törədir.

MAHİR RÜSTƏMLİ

Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilib.

Seçilən
114
1
football-plus.az

2Mənbələr