AZ

Fernando Santos: “Qələbə qazanmaq, tarix yazmaq üçün…”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos İslandiya yığmasına qarşı keçirəcəkləri oyundan gözləntisini bölüşüb.

Arena.az xəbər verir ki, milli komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda İslandiya yığmasının qonağı olacaq.

Millimizin baş məşqçisi Fernando Santos bu gün təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah seçmə mərhələnin ilk oyununa çıxacağıq. Hamı birinci matçında uğurlu nəticə qazanmaq istəyir. Rəqibi təhlil etmişik, çox yaxşı təşkilatlanıb. Topa sahib olmağı xoşlayan komandadır. İslandiya millisi haqqında bütün məlumatları futbolçularımıza çatdırmışam. Oyunboyu təslim olmurlar, futbolçuları yerli publikanın dəstəyini daim hiss edirlər. Çox yaxşı çempionatlarda çıxış edən təcrübəli oyunçuları var. Millinin əsasını ölkə xaricində oynayanlar təşkil edir. Amma biz də qələbə qazanmağa çalışacağıq. Sabahkı görüşə tam hazır olacağıq. Əsas odur ki, futbolçularımız çox istəklidirlər, tam şəkildə kökləniblər. Hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir. Əminliklə deyə bilərəm ki, həm sabah, həm də qarşıdakı matçlarda futbolçularımız qələbə qazanmaq, tarix yazmaq üçün əllərindən gələni edəcəklər”.

Millimizin kapitanı Emin Mahmudov da Fernando Santosla birgə qatıldığı mətbuat konfransında düşüncələrini paylaşıb:

“Bizi sabah ağır oyun gözləyir. Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq. İnanırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə qazana bilərik. Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm. Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm. Komandada ab-hava, motivasiya çox böyükdür. Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq. Sabah meydanda sözümüzü deməyə çalışacağıq”.

“Azərbaycanla matçda qalib gəlməliyik”

Bu gün İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson da mətbuat nümayəndələri ilə görüşüb, sabah baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:

“Bunun ölüm-dirim məsələsi olduğunu söyləməyəcəyəm. Böyük arzularımız var. Azərbaycanla matçda qalib gəlməliyik. Özümüzə təzyiq göstərməliyik”.

O, oyunçuların görüşə yaxşı kökləndiyini sözlərinə əlavə edib:

“Hər kəs inanılmaz dərəcədə sakitdir. Məşqlər fantastik keçdi. Meydan da möhtəşəmdir. Həyacan səviyyəsinin yerində olduğunu düşünürəm. Həqiqətən növbəti matç üçün yaxşı hisslərim var”.

Qeyd edək ki, İslandiya – Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçilən
55
5
arena.az

10Mənbələr