ABŞ hakimiyyəti Ekvadorda hərbi bazanın yerləşdirilməsi və ora Amerika hərbçilərinin göndərilməsi məsələsini araşdırır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
“Biz ABŞ qoşunlarının Ekvadorda uzunmüddətli əsasda yerləşdirilməsi imkanını müzakirə etdik, təbii ki, Ekvador hökuməti ilə əməkdaşlıq çərçivəsində”, – deyə Rubio Ekvadorun xarici işlər naziri Qabriela Sommerfeld ilə birgə mətbuat konfransında bildirib.
Rubio xatırladıb ki, ABŞ daha əvvəl Ekvadorda hərbi baza saxlayırdı, lakin 2009-cu ildə o zamankı prezident Rafael Korrea (2007–2017) tərəfindən verilən tələbə əsasən qoşunlar geri çəkilmişdi.
“Əgər onlar bizi dəvət etsələr, bu imkanı nəzərdən keçirəcəyik,” – deyə Rubio əlavə edib və məsələnin strateji əhəmiyyətini vurğulayıb.
Bundan əlavə, Rubio Ekvadorun təhlükəsizliyinin gücləndirilməsi üçün 13,5 milyon dollar ayrıldığını açıqlayıb. Bu vəsait narkotik ticarəti və cinayətkarlıqla mübarizəni də əhatə edir.
ABŞ həmçinin Ekvadorun hərbi-dəniz qüvvələrinin gücləndirilməsi məqsədilə 6 milyon dollar dəyərində pilotsuz uçuş aparatları verməyi planlaşdırır.