AZ

Üç ölkənin ABŞ-a qəsd planı - Tramp Pentaqona əmr verdi...


Ramil Məmmədli: “Hər üç ölkə nüvə silahına və qitələrarası ballistik raketlərə malikdir”

Pekində keçirilən hərbi paradla bağlı paylaşım edən ABŞ Prezidenti Donald Tramp Çin, Rusiya və Şimali Koreya başçılarını ABŞ-yə qarşı sui-qəsd hazırlamaqda ittiham edib.

“Əsas cavab gözləyən sual budur: görəsən, Çin Xalq Respublikasının prezidenti Si Cin Pin Çinin AZADLIĞINI xarici işğalçıdan qorumaq üçün Birləşmiş Ştatların göstərdiyi böyük dəstəyi və tökülən qanı qeyd edəcəkmi? Çinin Qələbə və Şöhrət uğrundakı mübarizəsində çox sayda amerikalı həyatını itirdi. Ümid edirəm ki, onların qəhrəmanlığı və həyatlarını qurban verməsi anılacaq və xatırlanacaq”, - Tramp "Truth Social" şəbəkəsində yazıb.

Çinli həmkarına gözəl və unudulmaz bir bayram günü arzulayan ABŞ lideri mesajını bu sözlərlə bitirir: “ABŞ-yə qarşı gizli planlar qurarkən Vladimir Putinə və Kim Çen Ina səmimi salamlarımı çatdırın”.

ABŞ prezidenti "gizli plan" deyərkən nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Trampın bu paylaşımına dərhal Putinin köməkçisi Yuri Uşakov cavab verib. “Düşünürəm, (Tramp) ironiya ilə deyib ki, guya "bu üçlük" Birləşmiş Ştatlara qarşı sui-qəsd hazırlayır. Mən vurğulamaq istəyirəm: heç kim heç bir sui-qəsd təşkil etməyib, heç kim heç nə hazırlamayıb”, - Uşakov qeyd edib.

Onun sözlərinə görə, Vladimir Putin, Si Cin Pin və Kim Çen In ABŞ-yə qarşı sui-qəsd haqqında düşünmürlər və Trampın hazırkı beynəlxalq vəziyyətdəki rolunu yaxşı bilirlər.

Bununla yanaşı, ABŞ müdafiə naziri Pit Heqset "Fox News" telekanalına müsahibəsində bildirib ki, Tramp Pentaqona Rusiya və Çin arasında artan yaxınlaşmanın qarşısını almağa hazırlaşmağı tapşırıb: “Təəssüf ki, əvvəlki administrasiyanın zəifliyi Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırdı. Bu, Amerika rəhbərliyinin və gücünün çatışmazlığından qaynaqlanan dəhşətli hadisə idi. Buna görə də prezident Tramp Müdafiə Nazirliyinə əmr etdi ki, ordumuzu yenidən qurmağa, gücümüzü bərpa etməyə və çəkindirmə qüvvələrini bərpa etməyə hazır olaq”. Heqset bildirib ki, hərbi çəkindirmə ilə yanaşı, diplomatiyadan da istifadə olunacaq.

Trampın bu tapşırığı faktiki müharibə hazırlığıdır. Çünki reallıq odur ki, Çin, Rusiya və Şimali Koreya Pekində bir qütbdə birləşdilər. Çin paradda görünməmiş dərəcədə hərbi qüdrətini, yeni silahları, qitələrarası ballistik raketləri, müasir hava donanmasını nümayiş etdirdi. Üstəlik, bizə məlum deyil Çin, Rusiya və Şimali Koreya rəhbərləri üçlükdə nə danışıb. O baxımdan nə gözlənilir? Dünyanı nə gözləyir? ABŞ hansı addımlar atacaq? Demək olar ki, Tramp Pentaqona müharibə hazırlığı göstərişi verib?

“Məqam yaranan kimi Çinin güc yolu ilə Tayvanı ələ keçirəcəyi ehtimalı artır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Pekində keçirilən paraddan və verilən mesajlardan belə görünür ki, sanki yeni soyuq müharibə başlayır: “Bəli, ŞƏT toplantısı və Pekin paradı bir mesaj idi. Bu, Çinin qlobal siyasi arenadakı yerini yenidən formalaşdırmaq, özünü İkinci Dünya müharibəsindəki sonrakı beynəlxalq nizamın qoruyucusu kimi təqdim etmək istəyi kimi dəyərləndirilə bilər. ABŞ Çin-Rusiya birliyinin möhkəmlənməsindən və bura Şimali Koreyanın qatılmasından narahatdır. Hər üç ölkə nüvə silahına və qitələrarası ballistik raketlərə malikdir. O baxımdan Tramp bu qədər narahatdır. Çünki Putin Çinə arxalanaraq Alyaska görüşündə Trampın Ukrayna ilə bağlı təşəbbüsünü heçə endirdi. Çin olmasaydı, Rusiya nə sanksiyalara, nə də böyük resursların xərclənməsi hesabına gedən Ukrayna müharibəsinə duruş gətirərdi. Hətta deyərdim ki, Çinin razılığı olmasaydı Şimali Koreya Rusiyaya on minlərlə əsgər göndərməzdi. Ona görə də bu dövlətlər imkanlarını səfərbər edərək yeni güc mərkəzi yaradırlar. Maraqlı olan həm də Hindistanın bura daha fəallıqla qoşulmağa çalışmasıdır. Ona görə də qarşıdakı dövrdə dünyada gərginliyin artacağı güman edilir. Pekindəki ehtişamlı parad həm də Çinin Tayvanla bağlı bir güc nümayişi idi. Məqam yaranan kimi, Çinin güc yolu ilə Tayvanı ələ keçirəcəyi ehtimalı artır”.

Vidadi ORDAHALLI

Seçilən
92
50
baki-xeber.com

10Mənbələr