AZ

Co Bayden yenidən dəri xərçəngi ilə bağlı əməliyyatı keçirib

ABŞ-nin sabiq prezidenti xərçəng hüceyrələrinin çıxarılması üçün ikinci dəfə cərrahiyyə əməliyyatına alınıb...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden yenidən dəri xərçəngi səbəbindən əməliyyat olunub. Bu barədə NBC News telekanalı məlumat yayıb.

Baydenin nümayəndəsinin sözlərinə görə, siyasətçiyə dəri xərçənginin ən çox yayılmış formalarının müalicəsində tətbiq olunan Mos əməliyyatı icra edilib. Əməliyyat uğurla başa çatıb və sabiq prezidentin səhhətinin yaxşı olduğu, onun normal bərpa prosesi keçirdiyi bildirilir. Əməliyyatın dəqiq tarixi açıqlanmayıb.

Ötən ay ictimaiyyətə təqdim edilən fotolarda Baydenin baş nahiyəsində iri tikiş izləri görünmüşdü. Bu, onun yenidən cərrahi müdaxiləyə məruz qaldığını göstərirdi.

Xatırladaq ki, 18 may 2025-ci ildə Co Baydenə metastaz verən aqressiv prostat xərçəngi diaqnozu qoyulmuşdu. Həmin vaxt ABŞ-ın hazırkı prezidenti Donald Tramp məlumatın açıqlanma vaxtına şübhə ilə yanaşsa da, keçmiş həmkarına sağlamlıq arzulamışdı.

Bayden bundan əvvəl, 2023-cü ilin mart ayında da dəridə aşkarlanan bədxassəli törəmənin çıxarılması üçün əməliyyat olunmuşdu. Onun səhhəti ilə bağlı xəbərlər ABŞ ictimaiyyətində daim müzakirə mövzusu olaraq qalır.

Poliqon.info

Seçilən
119
poliqon.info

1Mənbələr