Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Murad Ömərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Murad Ömərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilib.
İttihama görə, hadisə ötən il Yevlax şəhəri, Nizami prospektində yerləşən “Turan” şadlıq sarayında qeydə alınıb.
Belə ki, təqsirləndirilən Murad Ömərov tanışının övladının kiçik toy məclisinə gələrək spirtli içki qəbul etdikdən sonra saat 20:00 radələrində şadlıq sarayının giriş qapısının qarşısında əvvəllər tanıdığı, zərərçəkmiş Yadigar Balayevə (soyadı şərtidir) nalayiq sözlər söyləyib. Zərərçəkmiş nalayiq ifadələrinə irad bildirdikdə, təqsirləndirilən qaydanı kobud surətdə pozub.
Murad Ömərov xuliqanlıq niyyəti ilə zərərçəkmişin ağız və sinə nahiyələrinə bir neçə dəfə yumruqla zərbələr vuraraq, onu pilləkənlərdən yerə yıxıb. Nəticədə Yadigar Balayevə bədən xəsarətləri yetirib.
Beləliklə, Murad Ömərov həm insan həyatı üçün təhlükəli qəsdən sağlamlığa ağır zərər vurub, həm də ictimai qaydanı kobud surətdə pozmaqla xuliqanlıq hərəkətləri törədib.
Kamal Məmmədov