Son illərdə dünyada və regionumuzda yoluxucu xəstəliklərin artması qızılca təhlükəsini yenidən gündəmə gətirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, peyvəndləmə səviyyəsinin aşağı düşməsi nəticəsində bir çox ölkədə xəstəlik yenidən vüsət almağa başlayıb. Peyvənddən imtina halları, COVID-19 pandemiyası, səhiyyə xidmətlərinin əlçatan olmaması və müharibə ocaqlarında əhalinin tibbi yardım ala bilməməsi bu problemin əhatə dairəsinin genişlənməsinə səbəb olub. ÜST epidemiyanın qarşısını almaq üçün peyvənd nisbətinin 95 faiz olmasının vacibliyini vurğulayıb.
ABŞ-də təkcə may ayında 1000-dən çox təsdiqlənmiş qızılca hadisəsi qeydə alınıb. Qonşu İranda isə bu il 511 qızılca xəstəliyi faktı aşkarlanıb. Ən qorxulu statistika isə İndoneziyadadır. Şərqi Yava əyalətinin Sumenep bölgəsində qızılca epidemiyası son bir ayda əksəriyyəti uşaq olan 17 nəfərin ölümünə səbəb olub. Məlumata görə, xəstəliyin qarşısını almaq üçün bölgədə sentyabrın 14-dək davam edəcək genişmiqyaslı peyvənd kampaniyasına başlanılıb.
Qızılca idarəolunan infeksiyalar qrupuna daxildir
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən pediatr-infeksionist Aytən Ziyadovanın sözlərinə görə, idarəolunan infeksiyalar qrupuna daxil olan qızılca asanlıqla yayılan və ciddi fəsadlar yaradan xəstəlikdir: "İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə yayılır. Virus ətraf mühitdə 2 saat aktiv qala bilir. Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: başlanğıc, səpkilər və piqmentasiya. Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39 dərəcəyə qədər artması və dirəncli olması, yuxarı tənəffüs yollarının zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı və quru öskürək müşahidə olunur. İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur. Səpki dövrü xəstəliyin 4-5-ci günündən başlanır. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür".
Adətən, 6 aya qədər körpələrin qizilcaya yoluxmadığını qeyd edən infeksionist bunun səbəbinin anadan ötürülən antitellərlə bağlı olduğunu deyib. Ana xəstəliyi özü keçirdikdə və ya peyvənd olunduqda yeterli sayda antikor qazanır, sonra da onu bətnindəki körpəyə ötürür. Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər. Ona görə də antitellərə sahib olmayan şəxslər, hamilələr, uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar risk qrupuna daxildirlər.
"Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immun sisteminin zəifləməsi ilə əlaqədar olur. Xüsusilə mövsüm öncəsi düzgün qidalanma, vitaminlərlə zəngin rasion və təmiz hava gəzintiləri immuniteti gücləndirir. Tərkibində A vitamini olan qidalar infeksiyalara qarşı müqaviməti artırır. A vitamini bir çox heyvan və bitki mənşəli qidalarda müxtəlif miqdarda olur. Dənli bitkilər, qırmızı və ağ ət, dəniz məhsulları, narıncı və sarı rəngli meyvə-tərəvəzlər, süd və ondan hazırlanan məmulatlar A vitamini mənbələridir. Xəstəlik zamanı orqanizmin susuzlaşmasının qarşısını almaq üçün bol maye qəbulu da vacibdir", - deyə mütəxəssis bildirib.
Peyvəndin qoruyuculuğu 98 faizdir
Yüksək yoluxuculuğa malik və ciddi fəsadlar törədə bilən qızılcanın qarşısını almağın yeganə effektiv yolu peyvənddir. O, xəstəliyin ağırlaşmasının 97-98 faiz qarşısını alır. A.Ziyadova uşaqların mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvənd edilməsini vacib bilir: "Qızılcaya qarşı istifadə olunan peyvənd canlı zəiflədilmiş vaksindir. Bu o deməkdir ki, peyvənd güclü immunitet yaradır. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Müəyyən səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin 2-ci dozasını almalıdırlar. Eyni zamanda peyvəndin hər iki dozasını vaxtında almamış 10 yaşınadək uşaqlara peyvəndin 1-ci və 2-ci dozaları ən azı 4 həftəlik fasilə ilə vurulmalıdır. 11-40 yaş arası peyvənd olunmamış və xəstəliyi keçirməmiş şəxslər də mütləq peyvəndlənməlidirlər".
İnfeksionistin sözlərinə görə, qızılca hava-damcı yolu ilə yoluxduğu üçün tənəffüs yollarını qoruyan tibbi maskalardan, gigiyenik vasitələrdən istifadə etmək lazımdır: "Şəxsi gigiyena qaydalarına əməl etmək, qapalı və insanların sıx toplaşdığı məkanlara mümkün qədər getməmək lazımdır. Evlərdə, ofislərdə otaqların havası tez-tez dəyişdirilməlidir. Həmçinin immun sistemini qüvvətləndirmək üçün balanslı qidalanmaya, yuxu rejiminə düzgün riayət edilməli, stresdən və zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Xəstəliyin əlamətlərini, xüsusən düşməyən hərarəti özündə müşahidə edən şəxslər həkimə müraciət etməlidirlər".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"