AZ

Yolların başdansovdu çəkiliş problemindən yaxa qurtara bilmirik... Ağsuda olay...


Mətləb Salahov: “Yeni salınan yollar 2-3 il keçməmiş dağılıb-tökülüb, gediş-gəliş üçün yararsız hala gəlib”

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpa edilməsi, yeniləşdirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə müəyyən işlər də görülür. Ancaq görülən işlər tam keyfiyyətli olmadığı üçün mütəmadi olaraq xoş olmayan xəbərlərin şahidi oluruq.

Belə ki, bu günlərdə Ağsu rayonunun Bico kəndində yeni çəkilən yol yararsız hala düşüb. Sosial mediada paylaşılan görüntülərdə yolun bir hissəsinin sıradan çıxdığı qeydə alınıb. Sakinlərin sözlərinə görə, həmin yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb: "Avqustun 28-də səhər 11-də torpaqlama işi başladı, saat 1-də yolun asfalt örtüyünün çəkilməsi başa çatdı. Yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb. 5.5 metr eni olan yola cəmi 3 metr enində, 1000 metr uzunluğunda asfalt örtüyü vurulub. Avqustun 30-da sözügedən yol yararsız hala düşüb".

Qeyd edək ki, bu kimi hallar tez-tez yaşanır. Maraqlıdır, yeni təmir olunan yollar niyə qısa müddətdə sıradan çıxır?

“Yol infrastrukturu baxımından başdansovdu, məsuliyyətsiz işlərə “tövbə” demək lazımdır”

Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illər yol infrastrukturunun yenilənməsi və yeni yolların çəkilməsi üçün mühüm addımlar atılır. Bu, real faktdır: “Lakin təəəsüflər olsun ki, bir sıra hallarda yeni çəkilən yolların keyfiyyət və zəmanət problemi olduğu üçün bu yolların ömrü uzun olmur. Nəzarətsizlik, başdansovdu yanaşma üzündən dövlətin xərclədiyi pullar da havaya sovrulur, üstəlik nəqliyyat vasitələri üçün olduqca təhlükəli qəza vəziyyətləri yaranır. Bu olduqca təhlükəli məqamdır. Lakin min dəfə təəssüflər olsun ki, hələ keyfiyyətsiz yol çəkilişinə görə cəzalanan cavabdeh şəxs barədə bir kəmə də eşitməmişik“.

Jurnalist-ekspertin qənaətinə görə, yol mədəniyyət, sosial infrastruktur olduğu halda bir sıra cavabdeh şəxslər bu məsələyə fərdi qazanc mənbəyi kimi yanaşırlar. “Dəfələrlə mətbuatda da yazılıb ki, yol çəkilişləri zamanı standartlara uyğun iş görülmür, materiallar tələb olunduğundan qat-qat az istifadə olunur, bir sözlə, keyfiyyətsizlik sindromu yaradılır. Təkcə bir faktı qeyd edək ki, 2006-cı ildən bəri bu istiqamətə on milyardlarla manat sərf olunub. İnsaf naminə onu da deməliyik ki, əksər istiqamətlərdə salınan yollar keyfiyyətinə görə dünya səviyyəsinə uyğunluğu ilə seçilir. Lakin bir çox istiqamətlərdə tamamilə yeni salınan yollar 2-3 il keçməmiş dağılıb-tökülüb, gediş-gəliş üçün yararsız hala gəlib.

Müstəqillik dövründə Azərbaycanda ölkə rəhbərliyinin ən çox diqqət və vəsait ayırdığı sahələrdən biri məhz yolların çəkilişi və bərpasıdır. Ancaq təəssüflər olsun ki, ölkədə yeni çəkilən, dəfələrlə bərpa olunan yollarda qısa müddət sonra hərəkət üçün çətinliklər yaradan problemlərin yaranması halları aradan qalxmayıb.

Məsələn, cəmi 3 il öncə yenidən qurulan Sumqayıt-Bakı yolunun böyük bir hissəsi - Ceyranbatandan Masazır dairəsinə qədər olan hissəsində yolun iki zolağı bərbad hala düşüb. İkinci və üçüncü zolaqda çökmə, qabarmalar, deformasiyalar baş verib. Habelə bir neçə il öncə hissə-hissə genişləndirilmiş Yevlax-Kürdəmir-Bakı yolunun Kürdəmir, Hacıqabul rayonlarından keçən hissəsində də vəziyyət ürəkaçan deyil.

Əksər hallarda yeni salınan, yaxud təmir olunan avtomobil yollarında yaranan problemlərin əsas səbəbkarı kimi ağırtonnajlı yük maşınlarının intensiv hərəkəti göstərilir. Lakin nəzərə alsaq ki, Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşir, ərazisindən iki böyük nəqliyyat dəhlizi üzrə yükdaşımalar həyata keçirilir, onda ən azı respublika əhəmiyyətli yolların tikintisində keyfiyyət tələblərini sərtləşdirmək, icraçılar qarşısında yüksək tələblər qoymaq zərurətdir. Çünki müasir dövrdə ağır tonnajlı maşınların yollarda hərəkəti qaçılmazdır. Yaxın gələcəkdə belə nəqliyyat vasitələrinin hərəkət intensivliyi daha da artacaq. Deməli, yol infrastrukturu baxımından başdansovdu, məsuliyyətsiz işlərə “tövbə” demək lazımdır. Ən sonda bir məsələni də deyim. Neçə illərdir ki, Bakıda məşhur bir deyim var: dağılmış, hasara alınan asfalt parçaları “çörək ağacıdır”, “silinən pullardır”. Görünür, bu gülüş dolu deyimdə böyük hikmət var...”

Günel CƏLİLOVA

Seçilən
14
baki-xeber.com

1Mənbələr