2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınmasında artım qeydə alınsa da, taksidə vəziyyət fərqlidir.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki,, hesabat dövründə nəqliyyat vasitələri ilə 1 milyard 18,8 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni göstəricisini 5,3 faiz üstələyib. Sərnişin dövriyyəsi isə 19,4 milyard sərnişin-km təşkil edərək 7,2 faiz artıb.
Artım daha çox avtobus nəqliyyatının payına düşüb. Avtobuslarla daşınan sərnişinlərin sayı 861 milyon nəfərə çataraq illik müqayisədə 6,5 faiz, sərnişin dövriyyəsi isə 13,3 milyard sərnişin-km ilə 8,9 faiz artıb.
Bununla yanaşı, fərdi sahibkarların avtomobil nəqliyyatı ilə sərnişindaşıması da müsbət dinamika nümayiş etdirib. Onlar 441,8 milyon sərnişin daşıyaraq ötən ilin göstəricisini 5,9 faiz üstələyiblər.
Lakin ümumi artım fonunda taksilərdə, xüsusən də fərdi sahibkarların idarə etdiyi taksilərdə azalma müşahidə olunub. 2025-ci ilin ilk altı ayında taksilərlə 39,8 milyon sərnişin daşınıb ki, bu da illik müqayisədə 0,6 faiz azdır. Onlardan 21,8 milyonunu fərdi sahibkarların taksiləri daşıyıb və bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz azalma deməkdir. Sərnişin dövriyyəsi baxımından da fərdi sahibkar taksilərində geriləmə qeydə alınıb – 471,1 milyon sərnişin-km (−1,4%).
Son bir ildə Azərbaycanda taksi sektoruna ciddi qaydalar gətirilib. 2024-dən etibarən lisenziyasız fəaliyyətə qarşı cərimələr tətbiq olunub, operatorlar üçün 3 000 manat rüsum müəyyən edilib, avtomobillər isə ən az Euro-5 standartına uyğun, 8 ildən köhnə olmamalı və 15 ildən yaşlı maşınların istifadəsi qadağan edilib. Bundan başqa, taksilərin ağ və ya qırmızı rəngdə olması, damalı nişan, “TAXI” işarəsi, video kamera və sərnişin üçün indikator cihazı ilə təchiz edilməsi tələb olunur.
Qeyd edək ki, taksilər 2023-cü ildə 231 manat üzərində daşınmadan gəlir əldə etmişdilər. DSK-nin məlumatına əsasən onların xərcləri isə cəmi 92.7 min manat olub. Taksilərin gəlirləri illik müqayisədə 3.5 faiz artarkən xərcləri illik müqayisədə 29.7 faiz artmışdı.