“Bayern Alman Aqrar Xidməti” (BAAX) MMC maraqlı məlumatla ictimaiyyətə müraciət edib. Peşəkar əkinçilik mədəniyyətinin təbliği və tətbiqi ilə məşğul olan şirkət əkin sahələrindən birinin məhsulunu pulsuz paylamağı qərara alıb.
Mia.az xəbər verir ki, bununla bağlı şirkətin təmsilçisi sosial şəbəkə hesabından izləyicilərinə məlumat verib.
Sahibkarın sözlərinə görə, bəzən fermerlər satış bazarı olmayanda məhsulu zay edib atır: “Amma biz qərara aldıq ki, insanlara məhsulumuzu pulsuz paylayaq”.
Anoloji çağırışı sosial şəbəkə üzərindən Quba yolunda yerləşən Paşaoba kənd sakini də edib. O, bol məhsulu olan pomidor sahəsini göstərərək, həm yemək, həm də turşuya qoymaq üçün münasib olan pomidor sortlarını nümayiş etdirib.
Bu il həqiqətən kənd təsərrüfatında “pomidor ili” olduğunu desək, yalan olmaz. Nəinki rayonlarda, Bakıda da pomidorun bolluğunu müşahidə etdik. Təkcə bolluq yox, həmçinin pomidorun kəskin ucuz olması da müzakirələrə səbəb oldu. İyul ayının əvvəlinə qədər bahalı olduğu üçün pomidora yaxın düşə bilməyən alıcılar yayın son ayında onu su qiymətinə və hətta havayı aldı. İndinin özündə də sahələrdə tonlarla pomidorun olduğu bildirilir. Bir tərəfdən ucuzluğa sevinirsən, digər tərəfdən, əkinçinin zəhmət çəkdiyi tarlasından pulunu çıxara bilməməsinə pərişan olursan. Tonlarla məhsul bu ayın sonuna qədər sahələrdən yığılmasa, payız yağışları ilə sadəcə, zay olacaq.
Bu vəziyyəti pomidorun illərdi, dəyişməyən bazarları – Rusiya ilə əlaqələrin kəsilməsi ilə bağlasalar da, əkinçi özü başqa səbəbləri sadalayır. Məsələn, ölkənin hər bölgəsində tonlarla məhsulu saxlaya biləcək soyuducular var. Onsuz da bütün kənd təsərrüfatı məhsullarının öz mövsümündə yox, xüsusilə soyuq aylarda daha baha satıldığı məlumdu. Bu halda məhsulu soyuducuya vermək son illərdə əkinçinin ən optimal variantı olub. Bəs niyə indi soyuducuya verilmir məhsul?
Sahələrdən pomidorun yığılması da promlemlidi. Əkinçi işçi qüvvəsi tapa bilmir. İşçinin əməyinin dəyərini verə bilmir, yoxsa verdiyi pulun sonra əvəzini çıxaracağına inanmır?
Pomidorda da pomidorluq qalmayıb, desək?
Həqiqətən, bu il bir neçə sort üzrə pomidorların araşdırması göstərdi ki, bu məhsulun həm çeşidləri artıb, həm də dadında və keyfiyyətində dəyişiklik var. Demək olar ki, eyni vaxtda, eyni ölçüdə və bir günün içində tonlarla yetişən məhsulun genetik tərkibinə şübhəli qalırsan. Pomidor günlərlə piştaxtalarda, evdə soyuducuda, hətta stolun üstündə qalır, amma zay olmur, strukturunu, dadını, rəngini dəyişmir. Əslində, təbii yolla yetişdirmədə pomidor hətta bostanda, tağın üstündə bir az qızaran kimi yumşalmalı və bəzən xarab olmalıydı, elə deyilmi? Bunlar necə sortdu? Bəlkə bizim əkinçi bu sortları yetişdirərkən, onun bolluğunu və bazara çıxarmaq ehtimalını nəzərə almayıb?
Pomidor sortlarının hətta turşuya qoyulan növünün yetişdirilməsi də suallar yaradır. Keçən il qış tədarükü edən xanımlar turşu pomidorların zay olma səbəbini vurulan kimyəvi maddələr və hətta genetik dəyişikliklə əlaqələndirmişdilər. İşbazlar onları nəzərə alaraq, bu il pomidorun turşu növünümü yaratdı?
Başa düşürük, hazırda ərzaq təhlükəsizliyini təmin etməkçün aqrar sahədə elmi nailiyyətlərdə kənd təsərrüfatına dair bütün çətinliklər nəzərə alınır. Aşıb-daşan bostanlar, bol çeşid, məhsulun uzunömürlülüyü ərzaq təhlükəsizliyinin əsasını təşkil edir. Baxın, normalda avqust ayının sonunda pomidor sahələrində məhsul yekunlaşırdı, amma sentyabr ayıdı və hələ də bostanları yığıb-yığışdıra bilmirlər. Yaxud, qarpızı avqustda yeyirdik, amma may ayından qarpız süfrəmizə gəlmişdi. Buna mədəni dildə “ərzaq təhlükəsizliyi” deyilir, amma biz avam adamlar olsaq da, səhhətimizə dəyən zərərin fərqindəyik.
Neyləməli?
Fermerlərin məhsulu zay etməyərək əhaliyə pulsuz paylaması da bir ayrıca təqdir olunsun gərək.
Allah əvəzini versin.
Zülfiyyə Mustafayeva
Mia.az