Qazaxıstanda siyasi böhran daha da kəskinləşib. Astanada Milli Təhlükəsizlik Komitəsinin (KNB) bir neçə yüksək rütbəli əməkdaşı saxlanılıb. Onların arasında komitənin xarici kəşfiyyatının sabiq rəhbəri Askar Amerxanov da var...
Poliqon xəbər verir ki, həbs olunan şəxslərin sırasında həmçinin 2024-cü ilin yayında Kiyevdə müxalifət jurnalisti Aydos Sadıkova qarşı sui-qəsd cəhdində adı hallanan Altay Jakanbayev və Meyram Karatayev də yer alıb.
Bu həbslərin yalnız həmin işlə bağlı olmadığı ehtimal edilir. Qısa müddət əvvəl KNB-nin xarici kəşfiyyat idarə rəisinin müavini Baurjan Alpısov müəmmalı şəraitdə dünyasını dəyişmişdi. Ekspertlər hesab edirlər ki, ya prezident Kasım-Jomart Tokayev "toksik mühitdən" qurtulmağa çalışır, ya da yeni bir siyasi çevriliş cəhdi ilə üz-üzədir.
Hadisələr vitse-premyer və xarici işlər naziri Murat Nurtleunun həbsi ilə paralel şəkildə baş verir. Nurtleu uzun müddət KNB-də çalışıb və bir vaxtlar Tokayevin mümkün varisi kimi göstərilirdi. O, 1 sentyabrda Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən qayıtdıqdan sonra Astanadakı iqamətgahında saxlanılıb. Evində axtarış aparılıb.
Qazaxıstan mediasının yazdığına görə, nazir ilə yanaşı, Qazaxıstan-Çin sərhədində ticarət əlaqələrinin qurulmasında rol oynamış iş adamı Hacı Hacıyev də həbs olunub.
Şərhçilər bu həbsləri "Qazaxıstan rəhbərliyindəki rusiyapərəst qruplaşmaya zərbə" kimi dəyərləndirirlər. Xüsusilə diqqətçəkən məqam odur ki, bu hadisələr Tokayevin Pekindən qayıdışından dərhal sonra baş verib. Rəsmi əsas isə Nurtleu qrupu ilə əlaqələndirilən bir sıra qətllərdir.
Kiyev hadisələrinin fonu
18 iyun 2024-cü ildə Kiyevdə jurnalist Aydos Sadıkov evinə çatarkən avtomobilinə yaxınlaşan Meyram Karatayev ona odlu silahla atəş açmışdı. Sadıkov ağır yaralanaraq bir neçə gün sonra xəstəxanada dünyasını dəyişmişdi. Ukrayna Baş Prokurorluğunun sənədlərinə görə, Karatayev və Jakanbayev hadisədən əvvəl bir neçə mənzil kirayələyib, avtomobil alaraq iki həftə ərzində jurnalisti izləyiblər. Onların üzərində səsboğucu ilə təchiz edilmiş "Makarov" tipli tapança olub.
Amerxanovun həbsi siyasi elitaları sarsıtdı
KNB general-mayoru Askar Amerxanovun saxlanılması Qazaxıstan elitasında şok effekti doğurub. O, 1995-ci ildən təhlükəsizlik orqanlarında xidmət edib, 2023-cü ildə xarici kəşfiyyat xidmətinə rəhbər təyin olunmuşdu. 2024-cü ilin sentyabrında vəzifəsindən azad edilən generalın istefası artıq həmin vaxt Aydos Sadıkovun qətli ilə əlaqələndirilirdi.
Poliqon.info