Hindistan “Make in India” təşəbbüsü çərçivəsində İsrailin uzun mənzilli “Rampage” raketinin yerli istehsalını nəzərdən keçirir.
“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, Hindistan Silahlı Qüvvələri “hava-yer” tipli bu raketi ilk dəfə 2020-ci ildə Çinlə baş verən Qalvan toqquşmasından sonra əldə edib və o vaxtdan bəri “Rampage” ölkənin uzun mənzilli zərbə imkanlarının əsas dayaqlarından birinə çevrilib.
2025-ci il mayın 10-da keçirilən “Sindoor əməliyyatı” zamanı Hindistan Hərbi Hava Qüvvələri (HHQ) “Rampage” raketindən ilk dəfə döyüş şəraitində istifadə edib. Hindistan HHQ-nin “Jaguar” və Su-30MKI təyyarələri raketi Pakistanın Sukkur aviabazasına, həmçinin Bahalvanpur və Muridke bölgələrindəki hədəflərə atıblar.
Hindistan Silahlı Qüvvələrində bu raket “High Speed Low Drag-Mark 2” adı ilə tanınır. Uzun mənzilli və yüksək sürətli zərbə əməliyyatları üçün hazırlanmış “Rampage” raketi təyyarələrə qabaqcıl hava hücumundan müdafiə sistemlərinin fəaliyyət radiusuna daxil olmadan, düşmən ərazilərindəki hədəfləri vurmaq imkanı verir.
“Sindoor əməliyyatı” ilə bağlı məlumatlara görə, Su-30MKI qırıcıları “Rampage” raketlərini yüksək dəqiqliklə buraxaraq onun döyüş meydanındakı effektivliyini sübut ediblər.
Hindistan “Rampage” raketlərini 2020–2021-ci illərdə Ladak sərhədində Çinlə gərginliyin artması fonunda almağa başlayıb. Bu silah o vaxtdan Hindistan HHQ-nin modernləşmə planlarına daxil edilib. Məqsəd isə çəkindirmə qabiliyyətini gücləndirmək və uzun mənzilli zərbə variantlarını artırmaqdır. “Rampage” ilə yanaşı, HHQ həm də səsdən sürətli “BrahMos” qanadlı raketindən istifadə edir ki, bu da dərinlikdəki hədəflərə zərbə endirmək üçün bir neçə seçim imkanı verir.
Hazırda “Rampage”nin İsraillə əməkdaşlıq şəklində Hindistanda istehsalı üzrə danışıqlar aparılır. Rəsmi şəxslər bildirirlər ki, belə bir əməkdaşlıq raketin Hindistanda genişmiqyaslı istehsalını təmin edəcək, təchizat təhlükəsizliyini möhkəmləndirəcək və xarici çatdırmalardan asılılığı azaldacaq. Bu addım, həmçinin, ölkənin müdafiə sənayesinin inkişafını hədəfləyən “Make in India” təşəbbüsünə uyğun olacaq.
Eyni zamanda, Hindistan HHQ digər yerli imkanların da genişləndirilməsinə çalışır. Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatına (DRDO) “Astra” “hava-hava” raketinin mənzilini artırmaq və uzun mənzilli “Project Kusha” hava hücumundan müdafiə sistemi üzərində işləri sürətləndirmək tapşırılıb. Bundan əlavə, Hindistan Rusiyanın S-400 zenit-raket komplekslərinin əlavə alınmasını da nəzərdən keçirir. HHQ bu sistemləri düşmən təyyarələrini çəkindirmək üçün vacib hesab edir.