BAKI, 5 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən 151 yeni dövlət standartı qəbul edilib.
Teleqraf xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.
Məlumata görə, yeni normativ sənədlər ölkədə istehlak olunan məhsulların, istehsal proseslərinin və metodlarının təhlükəsizliyi ilə keyfiyyətinin artırılmasına, həmçinin məhsulların rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və yeni texnologiyaların tətbiqinə şərait yaradıb.
Qəbul edilən dövlət standartlarının bölgüsü üzrə qida texnologiyası və kənd təsərrüfatı sahəsində 38, tikinti materiallarında 9, informasiya, telekommunikasiya və elektrotexnikada 27, neft-qaz və əlaqəli texnologiyalarda 17, ətraf mühitdə 10, nəqliyyatda 7, idarəetmə və keyfiyyətdə 5, rezin və plastik sənayedə 2, zərgərlikdə 2, tekstil və dəri texnologiyasında 16, əməyin təhlükəsizliyində 17, metrologiya və ölçmə sistemlərində isə 1 standart qəbul edilib.
Bundan əlavə, 60 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 52 standart isə ləğv olunub.
Hesabat dövründə sahibkarların sifarişi əsasında 86 texniki şərt hazırlanaraq ekspertizadan keçirilib və dövlət qeydiyyatına alınıb.