Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının seçmə mərhələsində keçirdiyi oyunların sayına görə Cənubi Amerika rekordunu təkrarlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Sportbox.ru” məlumat yayıb.
Venesuela ilə qarşılaşma (3:0) Messinin dünya çempionatının seçmə mərhələsində 72-ci oyunu olub. Eyni sayda oyunu karyerasını başa vuran ekvadorlu müdafiəçi İvan Hurtado keçirib.
38 yaşlı Messi bildirib ki, Venesuela ilə matç onun vətənində millidə sonuncu oyunu ola bilər. Buenos-Ayresdəki matç başlamazdan əvvəl azarkeşlər “Hər şey üçün təşəkkür edirəm, kapitan” yazılmış pankart açıblar. Messi meydançaya oğulları: Tiaqo, Mateo və Çiro ilə daxil olub. Argentina və Venesuelanın dövlət himnləri səsləndirilərkən onlar atalarının yanında olublar.
Messi bu matçda iki dəfə fərqlənib. O, het-trik edə bilərdi, lakin hakim 89-cu dəqiqədə oyundankənar vəziyyətə görə qola icazə vermədi.
Argentina millisinin tərkibində Messi Dünya Kuboku, iki Amerika Kuboku, Finalissima və Olimpiya Oyunlarının qalibi olub.
Argentinalılar artıq 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.
Almaz Həsənli