AZ

Tramp–Putin dialoqu: Qlobal güc balansı dəyişirmi?

Beynəlxalq münasibətlər sistemində ABŞ–Rusiya qarşıdurması hər zaman qlobal sabitliyin əsas determinantlarından biri olub. Son aylarda Trampın prezidentliyə qayıdışı ilə dünya siyasətində gözləntilər və proqnozlar daha da kəskinləşib. Onun Alyaskada Vladimir Putinlə görüşü, əksəriyyətin düşündüyü kimi, Ukrayna böhranının yumşaldılmasına yox, əksinə, Kreml sahibinin daha sərt mövqelərini nümayiş etdirməsinə zəmin yaradıb. Analitiklərin fikrincə, bu görüşdən sonra cəbhədə vəziyyət Rusiya xeyrinə dəyişməyə başlayıb və Qərbin yeganə çıxış yolu Ukraynaya hərbi dəstəyin daha da gücləndirilməsi ola bilər. Eyni zamanda, artıq uzun illərdir davam edən sanksiyalar siyasəti Rusiyanı zəiflətməkdə uğursuz görünür və Moskvanın “immunitet” qazanması müşahidə olunur. Bu reallıq fonunda Kreml rəhbərliyinin imperiya düşüncəsindən geri çəkilməyəcəyi, əksinə, Ukraynanı kapitulyasiyaya məcbur etmək niyyətini açıq şəkildə bəyan etdiyi qeyd olunur.

Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Trampın atdığı addımlar hələlik nəticə verməyib:

“İndiyədək verdiyi vədlərin vaxtı başa çatdı, ardınca isə Alyaskada Putinlə görüş keçirdi. Nə dəyişdi? Əksinə, Ukrayna cəbhəsində vəziyyət tədricən Rusiya xeyrinə dönməyə başlayıb. Artıq dünya da etiraf edir ki, 15 avqustda Alyaskada baş tutan görüşdə Ağ Ev sahibi Kreml rəhbərinə uduzdu.

Bundan sonrakı mümkün variantlardan biri Ukraynaya hərbi yardımların artırılmasıdır və böyük ehtimalla bu baş verəcək. Çünki ABŞ başda olmaqla Qərb müttəfiqləri hələlik Putini dayandırmağın yeganə yolunu Rusiyanın Ukraynada daha çox itki verməsində və resurslarını tükətməsində görürlər. Başqa alternativ, demək olar ki, yoxdur.

Putin isə son çıxışı ilə son nöqtəni qoydu: Zelenski ilə görüş üçün ən yaxşı məkanın Moskva olduğunu söyləməklə Kreml rəhbəri açıq mesaj verdi – “bu savaşı sona qədər aparmaqda qətiyyətliyəm, Zelenski qarşımda diz çökməlidir”. Tarix göstərir ki, müharibə aparan ölkənin paytaxtında belə bir görüşün baş tutması faktiki olaraq mümkünsüzdür. Deməli, Kreml rəhbəri imperiya düşüncəsindən geri çəkilmədiyini bir daha nümayiş etdirdi”.

Politoloq bildirib ki, iqtisadi təzyiqlər məsələsinə gəlincə, Rusiya artıq 11 ildir ağır sanksiyalarla üzləşir və müəyyən mənada “immunitet” qazanıb:

“Bu baxımdan yaxın gələcəkdə sanksiyaların Rusiyanı çökdürəcəyi inandırıcı görünmür. Ukraynaya hücumdan sonra tətbiq edilən sanksiyalar da Kremli dayandıra bilmədi – Putin ikinci dəfə Ukraynaya soxuldu və yeni əraziləri işğal etməyə davam edir. Yəni sanksiyalar tədricən mənasını itirir.

Diplomatik təzyiqlər də oxşar nəticəsizlik göstərir. Bu proses hələ 2008-ci ildə Gürcüstana hücumdan sonra başlamışdı, amma real təsir olmadı. Əksinə, Putin hələ də Alyaskada Tramp ilə görüşür və Çində Şanxay Əməkdaşlıq Təşkilatının böyük sammitlərində iştirak edir. Bu mənada diplomatik təzyiqlər Rusiyanın timsalında “milçək vızıltısından başqa bir şey deyil”.

Nəticə etibarilə, beynəlxalq münasibətlərdə ikiüzlülük açıq şəkildə müşahidə olunur. Bu reallığı dərk etməyənlər isə Zelenski nümunəsində olduğu kimi qapı arxasında qalmaq təhlükəsi ilə üz-üzədirlər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr