5 sentyabr – Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov QHT.az-a açıqlama verib.
O, xeyriyyəçilik ənənələrinin Azərbaycanda qədim tarixə söykəndiyini vurğulayıb:
“Bu xeyriyyəçilik bizə çoxdan gəlir. Zeynalabdin Tağıyevlərdən başlayaraq, ondan da əvvəl böyük insanların həyat tərzində bu ənənə olub. Onlar məktəblər, məscidlər tikdirib, kasıblara dəstək göstəriblər. Mən də çalışmışam ki, hər zaman xeyriyyəçi olaraq fəaliyyətimi davam etdirim. İmkansız ailələr, Qarabağ müharibəsi iştirakçıları, əlillər və onların ailələri hər zaman diqqətdə saxlanılıb. Yolların çəkilməsində, imkansız ailələrə, şəhid ailələrinə, qazilərimizə dəstək göstərməkdə əlimizdən gələni əsirgəməmişik. İmkanı olan adam mütləq xeyriyyəçiliklə məşğul olmalıdır. Çünki yardıma möhtac insanlar – əlillər, veteranlar, onların valideynləri və övladları – daim dəstəyə ehtiyac duyurlar”.
Akif Kərimov həmçinin bildirib ki, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti yalnız ölkə daxilində deyil, xaricdə də humanitar dəstək göstərib:
“Türkiyədə baş verən zəlzələlər zamanı yardımımızı əsirgəməmişik. Həmçinin, xaricdə oxuyan tələbələrə dəfələrlə dəstək vermişik. Biz həmişə çalışmışıq ki, imkan daxilində hər kəsə kömək göstərək”.
Ardı var...
Pərvanə Fərhadqızı