Polşanın Baş naziri Donald Tusk bildirib ki, ölkəsi Ukraynaya əsgər göndərməyəcək və bu mövqe müharibə başa çatdıqdan sonra da dəyişməyəcək.
Polşa milli mediasında yer alan xəbərlərə görə, baş nazir Tusk Fransanın paytaxtı Parisdə keçirilən Könüllülər Koalisiyası Liderlər Zirvəsinə qatılıb.
Tusk zirvədən sonra jurnalistlərə açıqlamasında deyib ki, Polşa əsgərlərini müharibə bitdikdən sonra belə Ukraynaya göndərməyi nəzərdə tutmur.
Baş nazir qeyd edib ki, Polşanın bu mövqeyi toplantıya qatılan tərəflər tərəfindən müsbət qarşılanıb. O, Ukraynaya göstərilən beynəlxalq yardımın ölkəsinin kritik əhəmiyyət daşıyan bir logistika mərkəzi üzərindən əlaqələndirildiyini və bunun son dərəcə vacib bir vəzifə olduğunu vurğulayıb.
Tusk əlavə edib ki, danışıqlar Ukraynaya təhlükəsizlik zəmanətlərinin söz olaraq qalmaması, konkret və praktik tədbirlərə çevrilməsi üzərində cəmləşib.
Zirvə çərçivəsində liderlərin ABŞ Prezidenti Donald Trampla telefon danışığında Rusiya Prezidenti Vladimir Putini danışıqlara razı salma yollarının müzakirə olunduğunu diqqətə çatdıran Tusk bildirib ki, Avropa və ABŞ-ın səylərinə baxmayaraq, konkret nəticə əldə olunmamasının yaratdığı məyusluğu heç kim gizlətmir.
Baş nazir sonda əlavə edib ki, koalisiya üzvlərinin həmrəyliyi, qətiyyəti və yaxşı əməkdaşlığı onu çox təsirləndirib.