AZ

“Hüquqi baxımdan Zəngəzur dəhlizinin reallaşmasına maneə olmamalıdır” - RƏY

Yazını böyüt
Yazını kiçilt

“10 noyabr 2020-ci il tarixli sənəd 1969-cu il Vyana Konvensiyasına əsasən beynəlxalq müqavilə sayılmır. Çünki parlament ratifikasiyasından keçmir və formal müqavilə prosedurlarına tabe deyil. Amma diplomatik praktikada bəzi razılaşmalar forma baxımından müqavilə olmasa da, faktiki razılaşma və de-fakto hüquqi normativ sənəd kimi qiymətləndirilə bilər”.

Bunu hafta.az-a Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Zəngəzur dəhlizinin 10 noyabr bəyanatı üzərindən həyata keçirilməsinin hüqui aspektlərinə diqqət çəkərkən qeyd edib.

Ə.Allahverdiyev hesab edir ki, nəticə etibarilə, qeyd olunan bəyanat texniki olaraq beynəlxalq müqavilə olmasa da, dövlətlərarası yazılı razılaşma kimi məcburiyyət elementləri daşıyır. Onun yerinə yetirilməsi beynəlxalq etimadın, regional sabitliyin və hüquqi ardıcıllığın təminatı üçün vacibdir:

“Bəyanatın 9-cu bəndində qeyd olunur ki, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. O cümlədən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsi təmin edilməlidir. Bu, bir razılaşma sənədi Ermənistan üçün müəyyən öhdəliklər yaratdığından beynəlxalq hüquqi baxımdan Zəngəzur dəhlizinin reallaşmasına hər hansı maneə olmamalıdır. Məlumdur ki, Ermənistanın narahatlıqları əsasən suverenlik və təhlükəsizliklə bağlıdır, lakin bu narahatlıqlar beynəlxalq hüquq çərçivəsində qarşılıqlı razılaşmalarla, texniki və inzibati mexanizmlərlə tənzimlənə bilər. Belə razılaşmalarla həm hüquqi legitimlik, həm də qarşılıqlı etimad formalaşdırıla bilər”.

Ə.Allahverdiyev qeyd edib ki, Zəngəzur dəhlizi sadəcə bir infrastruktur layihəsi deyil, 2020-ci ildən sonra əldə edilən siyasi və hərbi üstünlüyün davamıdır:

"Layihə Naxçıvanla quru əlaqəsinin bərpası, regional inteqrasiyanın gücləndirilməsi və Azərbaycanın iqtisadi-siyasi təsir dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Dəhliz həmçinin Azərbaycanın Türkiyə ilə birbaşa coğrafi bağlantı yaratmasına, türk dövlətləri ilə münasibətlərin dərinləşməsinə və Orta Dəhlizdə əsas tranzit oyunçulardan birinə çevrilməsinə imkan yaradır. Bu mənada Zəngəzur dəhlizi Azərbaycanın regional gücə çevrilməsi yolunda mühüm addımdır”.

Seçilən
6
1
hafta.az

2Mənbələr