AZ

İsmael Bennaser “Milan”ı “Dinamo”ya dəyişdi

Futbol üzrə Əlcəzair milli komandasının və İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi İsmael Bennaser “Dinamo”ya keçib

Arena.az xəbər verir ki, bu barədə Zaqreb klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İtaliya təmsilçisi futbolçunu “Dinamo”ya icarəyə verib. 27 yaşlı əlcəzairli ilə 2025/2026-cı illər mövsümünün sonuna qədər müqavilə imzalanıb. Zaqreb “Dinamo”su Bennaserin transfer hüquqlarını almaq imkanına da malikdir.

Xatırladaq ki, “Milan” İsmael Bennaseri 2019-cu ilin avqustunda “Empoli”dən 17,2 milyon avro qarşılığında transfer edib. O, bu komandada indiyə qədər 178 oyuna çıxıb, 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna kimidir.

Bennaser ötən mövsümün ikinci yarısında Marsel “Olimpik”ində icarədə olub. O, Liqa 1 klubunda meydana çıxdığı 12 matçda 2 məhsuldar ötürmə verib.

İsmael daha öncə “Empoli”, “Arsenal”, “Tur”, “Arl-Avinyon” kimi klubların da formasını geyinib.

Daha öncə Fransanın U-18 və U-19 yığmalarında da oynamış futbolçu 2016-cı ildən Əlcəzair milli komandasında çıxış edir. O, yığmada 51 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
90
arena.az

1Mənbələr