AZ

ADSEA-nın "Təlim və İnnovasiyalar Mərkəzində "WaterTech Bootcamp"ın açılış mərasimi keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Təlim və İnnovasiyalar Mərkəzində "WaterTech Bootcamp"ın açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Açılış mərasimində ADSEA-nın sədr müavini İlham Bayramov, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və agentliyin nümayəndələri iştirak ediblər.
ADSEA-nın sədr müavini İlham Bayramov bu cür təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayıb:
"Su təsərrüfatı sahəsində innovativ yanaşmalar və yeni texnologiyaların tətbiqi günümüzdə daha aktual və vacibdir. Bu gün burada toplaşan hər bir iştirakçı ölkəmizin su ehtiyatlarının qorunması və davamlı inkişafı yolunda potensial dəyişiklik yarada biləcək bir fikrin, bir texnoloji həllin müəllifi ola bilər".
Daha sonra çıxış edən Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev tələbələrə qarşıdakı dörd günlük gərgin, eyni zamanda, çox faydalı prosesdən danışıb:
"Bu müddətdə siz yalnız nəzəri biliklər qazanmayacaq, həm də komandada işləməyi öyrənəcəksiniz, fikir mübadiləsi aparacaqsınız və ortaya mövcud problemlərin real həllərini çıxaracaqsınız. Sizin bu hakatonda irəli sürdüyünüz ideyalar gələcəkdə böyük layihələrin əsasına çevrilə bilər".
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək dördgünlük təlim və hakaton proqramı su ehtiyatlarının idarə olunması sahəsində süni intellektin və innovativ texnologiyaların tətbiqinə həsr olunub.
Proqrama ümumilikdə 305 nəfər müraciət edib, onlardan seçilən 60 gənc təlimlərdə iştirak etmək imkanı qazanıb.
Proqramın sonunda ən uğurlu ideyalar münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırılacaq və onların həyata keçirilməsi üçün əlavə imkanlar təqdim olunacaq.
Tədbir ADSEA-nın tabeliyində olan Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və SUP VC-nin təşkilatçılığı, "EU4 Climate Resilience" layihəsinin dəstəyi ilə baş tutub. Layihə Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən maliyyələşdirilir, GIZ və OECD tərəfindən icra olunur.
"WaterTech Bootcamp" iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, komanda işi, kreativlik və davamlı inkişaf prinsiplərini də təşviq edən mühüm təşəbbüsdür.
Seçilən
95
1
oxu.az

2Mənbələr