AZ

Tesla-dan Elon Musk-a 1 trilyon dollarlıq paket təklif

Tesla şirkəti baş icraçı direktoru (CEO) Elon Musk-a ABŞ korporativ tarixinin ən iri kompensasiya planını – dəyəri 1 trilyon dollara çatan paket təklif edib.

Şirkətin açıqlamasına görə, Musk bu paketə yalnız Tesla-nın qarşıdakı illər üçün müəyyənləşdirdiyi aqressiv hədəflərə çatdığı halda sahib ola biləcək. Plan 10 illik dövrü əhatə edir. Hədəflər sırasında Tesla-nın robotaksi biznesinin genişləndirilməsi və şirkətin bazar dəyərinin ən azı 8,5 trilyon dollara çatdırılması yer alır.

Paket çərçivəsində Musk-ın əldə edəcəyi əlavə səhmlər onun şirkətdəki payını ən azı 25 faizə qaldıracaq. Xatırladaq ki, Musk daha əvvəl də bu səviyyədə səs nəzarəti istədiyini bəyan etmişdi.

Tesla-nın bu addımı, 2018-ci ildə Delaver məhkəməsinin Musk-a verilmiş 50 milyard dollarlıq əvvəlki paketi ləğv etməsindən sonra atılıb. İdarə heyəti daha sonra CEO-nu motivasiya etmək üçün təxminən 30 milyard dollar dəyərində müvəqqəti səhm paketi də hazırlamışdı.

Yeni planın məqsədi Musk-ın diqqətini Tesla-nın inkişafına yönəltmək və onun süni intellekt, robotika kimi sahələrdə yaratdığı layihələri şirkət daxilində saxlayaraq böyüməni təmin etməkdir. Musk may ayında verdiyi açıqlamada, ən azı beş il daha Tesla-nın başında qalmaq niyyətində olduğunu demişdi.

Tesla-nın İdarə Heyəti sədri Robyn Denholm və direktor Kathleen Wilson-Thompson-un səhmdarlara ünvanladığı məktubda qeyd olunub:
“Elon-u komandada saxlamaq və onu təşviq etmək, Tesla-nın bu hədəflərə çataraq tarixin ən dəyərli şirkəti olması üçün əsas şərtdir.”

Hazırda təklif edilən paket 87,8 milyard dollar dəyərindədir, lakin bütün hədəflər reallaşarsa, onun ümumi dəyəri təxminən 1 trilyon dollara yüksələcək. Bu, Tesla-nın bazar dəyərini hazırda dünyanın ən bahalı şirkəti olan Nvidia-nın dəyərindən iki dəfədən çox edəcək.

Seçilən
63
fed.az

1Mənbələr