AZ

Qırğızıstan prezidenti Bakıda mühakimə edilən erməni separatçılarını müzakirə edə bilməz...


Xaqani Cəfərli: “Bu məsələ müzakirə mövzusu olmayıb”

“Ermənilər Qırğızıstan prezidentinin bu məsələdə hansısa vasitəçilik etməsini arzulaya, istəyə bilərlər”

Ermənistan rəhbərliyi əllərinə fürsət düşən kimi hazırda Bakı məhkəməsində müxtəlif ağır cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərin, daha dəqiq desək, separatçı məhbusların məsələsini ortaya atır, onların guya günahsız olduqlarını “sübut etməyə” çalışır.

Yəni artıq xarici siyasətdə bunu özlərinə bir “istiqamət” seçiblər...Hətta indi türk dövlətlərinin rəhbərlərinin yanında belə bu absurd məsələni dilə gətirib onları da müzakirələrə cəlb etmək istəyirlər. Bu cəhdləri isə alınmır.

Ermənistan mətbuatı yazır ki, ölkə parlamentinin sədriAlen Simonyan Qırğızıstanda səfərdə olarkən bu ölkənin prezidenti Sadir Japarovla Bakıda mühakimə olunan erməni əsilli şəxslərin məsələsini müzakirə edib.

A.Simonyan Qırğızıstan prezidenti ilə görüşdə deyib ki, erməni əsilli şəxslər guya qanunsuz mühakimə olunur və sair. A.Simonyan, sözsüz ki, Qırğızıstan prezidentinə yanlış məlumat verməklə Bakıda mühakimə olunanların separatçılığa, terrorçuluğa, müharibə cinayətlərinə görə ittiham edilməsinin üstünü ört-basdır etməyə çalışıb.

Ermənistan parlamentinin spikeri ilə Qırğızıstan prezidentinin Bakıda mühakimə olunan separatçı dustaqların məsələsini müzakirə etməsi nə dərəcədə düzgündür? Ümumiyyətlə, nə dərəcədə uyğun yanaşmadır? Qırğızıstanın buna hər hansı bir reaksiyası lazımdırmı? Bəlkə heç Qırğızıstan prezidenti bunu müzakirə etməyib, bu məlumatı ermənilər qəsdən belə yayıb? Nə dərəcədə doğrudur ki, QırğızıstanAzərbaycanın qətiyyətlə rədd etdiyi məsələni Ermənistanın dövlət rəhbərlərindən biri ilə müzakirə etsin?

Siyasi ekspert Xaqani Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, Qırğızıstanda rəsmi səfərdə olan Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyanın bu ölkənin prezidenti Sadir Japarovla Bakıda mühakimə olunan separatçı dustaqların məsələsini müzakirə etməsi ilə bağlı məlumat bir qədər təhrif edilib. “Belə ki, Qırğızıstan prezidenti Ermənistanla Azərbaycan arasında Vaşinqtonda keçirilən görüşü, bunun nəticəsində qəbul edilmiş bəyannamə və paraflanmış sülh sazişini alqışlayıb. Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan da Bakıda mühakimə olunan erməni məhbuslarla bağlı məsələyə toxunub. Yəni bu məsələ müzakirə mövzusu olmayıb. Diplomatik danışıqlarda belə məqamlar olur.

Digər bir tərəfdən, Ermənistan rəsmiləri Qırğızıstan prezidenti Sadir Japarovun Azərbaycan prezidenti İlham Əliyevlə çox yaxşı münasibətləri olduğunu bilirlər. İstisna deyil ki, ermənilər Qırğızıstan prezidentinin bu məsələdə hansısa vasitəçilik etməsini arzulaya, istəyə bilərlər. Bunlar normal haldır. Azərbaycan cəmiyyətinin də bu məsələlərə dözümlü yanaşması lazımdır”-deyə X.Cəfərli qeyd etdi.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr