AZ

Fransada məktəblərin 30 faizi qəzalı vəziyyətdədir

Fransada sentyabrın əvvəlində başlayan yeni tədris ili bir sıra problemlərlə müşayiət olunur. Ekoloji və sosial təşkilatların, eləcə də “Greenpeace”, “Oxfam”, “CGT Éducation” və “Snes-FSU” həmkarlar ittifaqlarının daxil olduğu “Alliance écologique et sociale” kollektivi bildirib ki, Fransadakı məktəb binalarının 20-30%-i qəzalı vəziyyətdədir və ekstremal iqlim şəraitinə uyğun deyil.

AZƏRTAC xəbər verir ki, kollektivin bu gün yayımladığı hesabatda məktəblərdə qışda soyuqların, yayda isə dözülməz istilərin hökm sürdüyü qeyd olunur. Bildirilir ki, hətta bəzi məktəblərdə sinif otaqlarının tavanlarından su damır. Belə şəraitdə nə müəllimlərin, nə də şagirdlərin sağlam və effektiv təhsil alması mümkün deyil. 2025-ci ilin iyul ayının əvvəlində baş verən isti hava dalğası nəticəsində 2 mindən çox təhsil müəssisəsi, əsasən ibtidai məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandırmalı olub. Bu, məktəblərin iqlim dəyişikliyinə qarşı hazırlıqsız olduğunu bir daha göstərdi.

“Alliance écologique et sociale” hökumətdən illik 5 milyard avro olmaqla 10 illik ümummilli təmir planı tələb edir. Məqsəd məktəblərin vəziyyətini yaxşılaşdırmaqla yanaşı, onları iqlim dəyişikliklərinə qarşı davamlı və təhlükəsiz hala gətirməkdir.

Ümumilikdə isə Fransada 58 mindən çox məktəb fəaliyyət göstərir. Ekspertlər və müəllim birlikləri təcili və kifayət qədər maliyyələşdirilən uzunmüddətli dövlət strategiyasının vacibliyini vurğulayırlar.

Seçilən
12
2
yeniazerbaycan.com

3Mənbələr