BAKI, 5 sentyabr. TELEQRAF
Moskva Böyük Britaniyanın Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnika alınmasına vəsait ayırmasını qanunsuz hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Londondakı səfirliyinin bəyanatında deyilir.
Böyük Britaniyanın müdafiə naziri Con Hili etiraf edib ki, Britaniya hökuməti dondurulmuş Rusiya aktivlərindən 1 milyard funt sterlinqdən artıq məbləğə sahib çıxıb və bu vəsaiti Ukraynaya hərbi yardım üçün xərcləyib.
“Başqasının puluna sahib çıxmaq istənilən yurisdiksiyada, o cümlədən Britaniya hüququnda cinayətdir və bu cinayəti törədənlər məsuliyyət daşıyırlar”, - bəyanatda deyilir.
“Başqasının əmlakının cinayətkarcasına müsadirə olunması və onun geosiyasi avantüralarda istifadəsi, Londona beynəlxalq aləmdə, o cümlədən xarici investorların gözündə, daha da pis imic qazandırır” - Bəyanatda qeyd olunur.
Rusiya diplomatik nümayəndəliyi qeyd edib ki, Moskva Britaniya tərəfinin qeyri-dost addımlarına cavab verəcək: “Britaniya hökuməti başa düşməlidir ki, Rusiyaya və onun qanuni maraqlarına qarşı istənilən qeyri-dost addımlar cavabsız qalmayacaq”.
Rusiya səfirliyi həmçinin vurğulayıb ki, Londonun son addımları onun keçmişini ifadə edir:
“Beynəlxalq səviyyədə sadə oğurluq ənənələrinin davam etdirilməsi bizi təəccübləndirmir. Bu, hələ kolonial dövrlərdən Britaniyanın vizit kartına çevrilmişdi. Lakin bu cür "ənənələrin" heç bir bəraəti yoxdur”.
Diplomatik nümayəndəlik əlavə edib ki, Qərb silahlarının tədarükü dinc əhali arasında qurbanların artmasına, yeni dağıntılara səbəb olur və nəticə etibarilə münaqişəni uzadır.