Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yaxın 3-5 il ərzində də davam edəcək. Bu barədə Rusiyanın “Rosqidromet” qurumunun rəhbəri İqor Şumakov Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (CASPCOM) Sankt-Peterburqda keçirilən sessiyasında bildirib.
Onun sözlərinə görə, son on ildə Xəzər dənizində suyun səviyyəsi iki metrə qədər enib və bu, region üçün kritik hadisədir. Eyni zamanda, əvvəllər olduğu kimi, bir neçə ildən sonra suyun səviyyəsinin qalxacağı da hələ məlum deyil. Bu təşkilatın, həmçinin digər Xəzəryanı ölkələrin alimləri və mütəxəssisləri dayazlaşma prosesinin müddətini müəyyən etmək və region iqtisadiyyatının davamlı inkişafı üçün nəticələr hazırlamaq məqsədilə iqlim modelləri yaradırlar.
Şumakov vurğulayıb ki, Xəzər dənizində suyun səviyyəsinin azalması qlobal iqlim dəyişikliyini əks etdirir, Şimal yarımkürəsində iqtisadiyyata, eləcə də vətəndaşların həyat və sağlamlığına ziyan vuran təhlükəli hidrometeoroloji hadisələrin sayının artması ilə müşayiət olunur. Xatırladaq ki, CASPCOM-un sessiyası sentyabrın 4-5-də Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın milli hidrometeorologiya xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilir. Proqrama Xəzər dənizinin hidrometeorologiyası sahəsində milli fəaliyyətin vəziyyəti və inkişaf perspektivlərinə dair hesabatların təqdimatı daxildir. Qeyd edək ki, bu günlərdə ki, Azərbaycan prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı “LCOY Azərbaycan 2025”in bağlanış mərasimində belə bir məsələni gündəmə gətirib ki, Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir. Onun sözlərinə görə, hövzədə suyun azalma prosesi davam edir: “Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşır və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və sair məsələlərdə problemlər yaşanır. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, müxtəlif canlıların məhv olmasına, adaların yaranmasına da səbəb olur. Eni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır”. M.Babayev həmçinin bildirib ki, son 20 ildə dünyada buzlaqların təxminən 7 faizi məhv olub: “Bu proses də davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedir. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir”. Onun sözlərinə görə, növbəti illərdə su problemi çox təhlükəli hal ala bilər. Qeyd edək ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev “Çoxtərəfliliyin həyata keçirilməsi, regional təhlükəsizliyin təmin edilməsi və davamlı inkişafın təşviqi” şüarı ilə “ŞƏT Plus” formatında keçirilən sammitdə əsas diqqəti həm də buna yönəldib: “Bu gün belə bir nüfuzlu forum çərçivəsində diqqətinizi çox incə, lakin ciddi bir mövzuya yönəltmək istəyirəm. Bu, Xəzər dənizi ilə bağlı acınacaqlı vəziyyətdir. Vəziyyət ekoloji fəlakətə yaxınlaşır. Bu problem Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilərdi. Ona görə də bu gün təklif etdim ki, ŞƏT-in himayəsi altında Astanada Su Problemlərinin Təhlili Mərkəzi yaradılsın. Bu yaxınlarda BMT Baş katibinin iştirakı ilə Almatıda BMT-nin Mərkəzi Asiya ölkələri və Əfqanıstanda Davamlı İnkişaf Mərkəzi açılıb. Bu, bizim çoxtərəfli diplomatiya prinsiplərinə möhkəm sadiqliyimizi təsdiqləyir”. Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yeni bir hal deyil, lakin son illərdə proses sürətlənərək fəlakət miqyası almağa başlayıb. İqlim dəyişikliyi, bölgədəki çay axınlarının azalması, antropogen təsirlər və qeyri – dayanıqlı iqtisadi fəaliyyətlər bu prosesin əsas səbəbləri kimi göstərilib. Dənizə tökülən ən iri su mənbəyi olan Volqa üzərində çoxsaylı hidrotexniki qurğuların tikilməsi və axının tənzimlənməsi isə təbii dövretməni pozub.
Bu arada onu da bildirək ki, Rusiyanın əsas çayı olan Volqa sürətlə dayazlaşır. Mərkəzi Rusiyada və Volqa bölgəsində keçən son qış praktiki olaraq qarsız keçib. Yazda çayları doldurmaq üçün ən vacib mənbə olan əriyən qar suyu sadəcə gəlməyib. Nəticədə Volqanın bəzi hissələrinin dibi açıq qalıb, Nijni-Novqorod vilayətində Oka və Volqa çaylarında suyun səviyyəsi tarixi minimuma yaxın olub. Bu, artıq mövsümi dalğalanma deyil, sistemli bir problemdir. Su çatışmazlığı səbəbindən “Uqliç” su elektrik stansiyası bağlanıb, “Rıbinsk” su elektrik stansiyasının fəaliyyəti məhdudlaşdırılıb. Volqa təkcə Avropanın ən böyük çayı deyil. O, əsas nəqliyyat arteriyası, şirin su mənbəyi, gəmiçilik marşrutu, sənaye və kənd təsərrüfatı üçün qida mənbəyidir. Bu çayın sahilində 60 milyondan çox insan yaşayır. Volqada səkkiz su elektrik stansiyası işləyir. Onların hamısı eyni prinsipə əsasən enerji hasil edir: anbardan gələn su təzyiq altında generatoru döndərən turbinə düşür və elektrik enerjisi istehsal olunur. Eyni kubmetr su yuxarı axınlardan başlayaraq Volqoqrada qədər bir neçə su elektrik stansiyasından keçə bilər. Amma indi suyun həcmi minimum hasilat üçün də kifayət etmir. “RusHydro” mütəxəssisləri etiraf edirlər ki, hazırda Volqanın su anbarlarına axın çox azdır, normadan 3-6 dəfə aşağıdır. Volqanın dayazlaşması təkcə elektrik enerjisi istehsalının azalması demək deyil. Su təchizatında fasilələr, daşımalarda çətinliklər, kənd təsərrüfatında problemlər də ola bilər. Su anbarları quruyur, qrunt suları yoxa çıxır. Bu dayazlaşmanın bir neçə səbəbi var və onlar təkcə hava ilə məhdudlaşmır. Birincisi, buxarlanmadır. Nəhəng su anbarı səthləri, xüsusən “Rıbinsk” kimi SES-lərdən havaya su buxarlanır. Hesablamalara görə, ümumi daxil olan həcmin yarısına qədər buxarlanır. Bu nəmlik digər bölgələrə gedir, ondan yaranan yağıntı istənilən yerə düşə bilər, ancaq Volqanın özünə deyil. İkincisi, qlobal istiləşmənin təsiridir. Rusiya temperaturun qlobal orta göstəricidən daha sürətlə yüksəldiyi ölkələrdən biridir. İstilik buxarlanmanı artırır, qar və yağış daha az olur. Professor Vladimir Tetelminin qeyd etdiyi kimi, bu proses artıq geri dönməz hal alıb: karbon emissiyalarının kəskin azalması ilə də iqlim ən azı daha 150-200 il dəyişməyə davam edəcək. Bəzi alimlər hesab edirlər ki, su elektrik stansiyaları kaskadının özü mənfi rol oynayıb. XX əsrin ortalarında tikilmiş bu qurğularda uzunmüddətli ekoloji nəticələr nəzərə alınmayıb. İndi axın azaldıqca, nəhəng su anbarları öz effektivliyini itirir. Mütəxəssislərin fikrincə, “Uqliç” su elektrik stansiyası demək olar ki, işləmir və “Rıbinsk” su elektrik stansiyası layihə gücünün yalnız 20 faizi qədər enerji istehsal edir. Gələcəkdə ayrı-ayrı bəndlərin sökülməsi məsələsi ortaya çıxa bilər, baxmayaraq ki, hələlik bu cür fikirlər son çarə kimi qəbul edilir. Tədqiqatçılar hesab edir ki, yağış su çatışmazlığını kompensasiya etməsə, real problemlər yarana bilər. Gəmiçiliyə gəldikdə, barjlar və turist qayıqları dayaz sulardan keçə bilməz. Su təchizatı ilə bağlı, xüsusilə kənd yerlərində və ucqar ərazilərdə problemlər yarana, balıqlarla əlaqədar qurudulmuş kürü tökmə yerlərində yeni nəsil sadəcə görünməyə bilər.
Samirə SƏFƏROVA