Çin prezidenti Si Cinpin, Şimali Koreya lideri Kim Çen In və Rusiya lideri Vladimir Putin Pekində keçirilən görüşdə gözlənilmədən tibbin gələcəyinə və gözlənilən ömür uzunluğuna toxunublar. Onlar insanların bu əsrdə 150 yaşaya biləcəyini də xüsusi qeyd ediblər. Liderlər arasında şəxsi söhbəti “Bloomberg” nəşr edib.
21-ci əsrdə insan ömrünün uzunluğu mövzusu liderlərin müzakirəsinin mərkəzində yer alıb. Si Cinpin qeyd edib ki, bəşəriyyət artıq bu sahədə mühüm irəliləyiş əldə edib: “Əvvəllər insanlar nadir hallarda 70 yaşına qədər yaşayırdılar, lakin bu gün 70 yaşında siz hələ uşaqsınız”. Vladimir Putin biotexnologiyanın imkanlarına diqqət yetirərək mövzunu davam etdirib. Onun sözlərinə görə, gələcək transplantologiya və regenerativ tibbdə sıçrayış yarada bilər: “Biotexnologiya sayəsində orqanlar davamlı olaraq transplantasiya edilə bilər və insanlar daha uzun yaşaya və hətta ölümsüzlüyə nail ola bilərlər”. Söhbət canlı yayımda lentə alınıb. Vladimir Putin və Si Cinpinin hər ikisinin 72 yaşı var və onların heç biri hələ ki, mümkün varisini müəyyənləşdirməyib. “Bloomberg” qeyd edir ki, Çin lideri rəhbərlik üçün iki beş illik müddət məhdudiyyətini qaldırıb, ona görə də onun 2027-ci ildə vəzifəsindən ayrılacağı ehtimalı azdır. Bu arada, 41 yaşlı Kim Çen In qızı ilə Pekinə gəlib və bu, rejimin mümkün varisi kimi onun gələcək rolu ilə bağlı fərziyyələri artırıb. Putinin beşinci prezidentlik müddəti 2030-cu ildə başa çatır, lakin 2020-ci ildə Rusiya konstitusiyasına edilən dəyişikliklər sayəsində o, altıncı dəfə seçilmək hüququna malikdir və 2036-cı ilə qədər hakimiyyətdə qala bilər. Həmin vaxt onun 84 yaşı olacaq. Maraqlıdır ki, Rusiyada kişilərin orta ömür uzunluğu indi 67 yaşdır. “Times” qəzeti daha əvvəl yazmışdı ki, Putin alternativ təbabətə müraciət edir və müntəzəm olaraq canlı maraldan kəsilmiş buynuzdan qan ekstraktı ilə vanna qəbul edir, çünki bu maddə guya cavanlaşdırıcı xüsusiyyətlərə malikdir və potensialı artırır. Bu arada Rusiyanın Çinə maral tədarük etməyə başlayacağı məlum olub. Daha bir maraqlı nüans odur ki, Rusiyanın yüksək vəzifəli şəxslərinin əksəriyyəti ölkə prezidenti ilə təxminən eyni yaşdadır. Daha əvvəl Kremlə yaxın mənbələrin “Meduza”ya verdiyi məlumata görə, Putinin yaxın ətrafı ömrün uzadılması ilə məşğuldur. Nəşrin məlumatına görə, ötən il dövlət başçısına yaxın olan məmurlardan biri rusiyalı alimlərə qocalma əleyhinə dərmanların hazırlanmasını tapşırıb. Putin həmçinin “Sağlamlığın qorunmasının yeni texnologiyaları” milli layihəsinin işə salınmasına göstəriş verib ki, onun həyata keçirilməsinə 2 trilyon rubl xərclənməsi planlaşdırılır. May ayında baş nazirin müavini Tatyana Qolikova söz vermişdi ki, bu təşəbbüs çərçivəsində 2028-2030-cu illərdə qocalma hüceyrələrini və onların funksiyalarını bərpa edən dərmanlar hazırlanıb tətbiq ediləcək.
“Meduza”nın mənbəsi bildirib ki, layihənin ortaya çıxmasına səbəb Putinin dostu, Kurçatov İnstitutunun 78 yaşlı rəhbəri Mixail Kovalçukun əbədi həyatın mümkünlüyü barədə səsləndirdiyi fikirlər olub. Hələ 2024-cü ilin əvvəlində Vladimir Putin Rusiyanın öz vətəndaşlarının sağlamlığını qorumağa yönəlmiş yeni bir milli layihəyə ehtiyacı olduğunu bildirib. Onun proqramlarından biri də qocalmağa qarşı mübarizədir. Rəsmilərin fikrincə , milli layihə 2030-cu ilə qədər 175000 insanın həyatını xilas etməlidir və hətta müharibə bu layihənin başlanmasına mane olmadı. Milli layihədə uzunömürlülüyə diqqət tibb ictimaiyyətinə də təsirsiz ötüşməyib. Moskva xəstəxanalarından birində adının açılanmasını istəməyən həkimlərdən biri bu təşəbbüsü istehza ilə “qocalmış Siyasi Büronun şıltaqlığı” adlandırıb: “Bütün insanlar, o cümlədən siyasətçilər yaş məsələsində həssasdırlar”. Ekspertlərin fikrincə , yeni təşəbbüsdən ən çox yerli əczaçılıq şirkətləri faydalanacaq . Milli layihədə müzakirə edilən bütün müasir tədqiqatlar kifayət qədər baha başa gəlir, bu, çoxlu pul və məsrəf tələb edir. Yeni dərmanların hazırlanması milyardlarla xərc tələb edir, heç bir milli layihəyə xüsusən də indi bu qədər pul ayrıla bilməz. Bununla belə, milli layihə təkcə praqmatik mülahizələrə əsaslanmır. Kremlə yaxın mənbənin sözlərinə görə, layihənin ortaya çıxmasına səbəb lobbiçilik faktoru ilə də bağlıdır. Milli layihənin hazırlanmasının təfərrüatları ilə tanış olan mətn müəlliflərinin üç mənbəsi layihənin mümkün lobbiçisi kimi Putinin yaxın dostu və Kurçatov İnstitutunun rəhbəri fizik Mixail Kovalçukun adını çəkir. Putinin digər etibarlı adamı, biznesmen Yuri Kovalçukun qardaşı Mixail Kovalçuk artıq Putinin böyük qızı, endokrinoloq Mariya Vorontsovanın da iştirak etdiyi genetika sahəsində daxili inkişaflar üzrə federal proqrama nəzarət edir . Bu cür elmi layihələr Kovalçuka sağlam düşüncəyə zidd olan paradoksal fikirləri ifadə etməyə mane olmur. Məsələn, o, sırf ruslara qarşı yönəlmiş bioloji silahların yaradılmasına inanır . Bundan əlavə, fizik absurd “rus insan genomunun dekodlanmasına” nəzarət edib və ABŞ-da süni şəkildə yaradılmış yeni “xidmət adamlarının alt növü” ilə rus senatorlarını qorxuya salıb . Bu yarımnövün nümayəndələri Kovalçuka görə,məhdud özünüdərkə malikdirlər, onların çoxalmasına nəzarət olunur və geni dəyişdirilmiş orqanizmlərdən ucuz qida ilə qidalanırlar. Medianın dəfələrlə yazdığı kimi, Putinin özü də Kovalçukun belə nəzəriyyələrinə asanlıqla inanır. Kovalçukun dəfələrlə danışdığı uzun həyat yanaşması əsasən Kurçatov institutunda fizik işləmiş akademik Konstantin Skryabinlə bağlıdır . Məhz Skryabin “rus genomu”nu ardıcıllıqla tərtib edib , həm də mətbuatda “əbədi həyat” mövzusunu dəfələrlə şərh edib. 3D çapı ilə insan orqanlarının çapı da diqqət mərkəzində yer alır. Ancaq yaxın gələcəkdə hazır insan orqanlarının çapının mümkün olması ehtimalı azdır: hələlik tibbdə 3D çapın praktik tətbiqi “cansız” məhsullarla – implantlar, ortopedik məhsullar, diş körpüləri və protez sahəsinə aid olanlarla məhdudlaşır. Bioprinting istifadə olunan materiallara hüceyrələrin əlavə edilməsini, yəni əslində hüceyrə terapiyasının aparılmasını nəzərdə tutur ki, bu da bütün bu sahənin tənzimlənməsini xeyli çətinləşdirir . Hazırda canlı hüceyrələrdən istifadə etməklə 3D çap yalnız tədqiqat kontekstində istifadə olunur: heyvanlar üzərində, dərmanların sınaqdan keçirilməsi və ya fərdi eksperimental əməliyyatlarda. Buna baxmayaraq, Rusiya hakimiyyət orqanları hələ də bioprintingə böyük ümidlər bəsləyir və “Rosatom” altı ildən sonra “mürəkkəb insan orqanlarının” çap texnologiyasını mənimsəməyə ümid edir.
Tahir TAĞIYEV