Yeddiqat "Böyük Dəbilqə" qalibi, keçmiş dünya birincisi Mats Vilander "US Open 2025"in yarımfinalı ərəfəsində Novak Cokoviçin Karolos Alkarası necə məğlub edə biləcəyinə dair fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Corriere Dello Sport" Vilanderin dediklərini belə çatdırıb.
"Cokoviç üçün ümid ondan ibarətdir ki, Alkarasın günü uğurlu keçməsin. Əgər ispaniyalının oyunu dalğalı olsa, Novaka şans yaranacaq. Amma əgər Karolos turnirin əvvəlindən oynadığı kimi sabit çıxış etsə, demək olar, səhv etməsə, onunla ayaqlaşmaq çox çətin olacaq. Mənə təsir edən odur ki, artıq onda əvvəlki kimi 10 dəqiqəlik “boşluqlar” qalmayıb. Bu olmadan onu tutmaq demək olar ki, mümkünsüzdür. Amma hələ bu turnirdə ciddi sınaqla üzləşməyib. Cokoviç isə onun ritmini poza bilir. Novak yaxşı anlayır ki, əvvəlki qədər gücü yoxdur, buna görə də startdan maksimum güclü çıxış etməlidir.
Onun üçün ən vacib set birincisidir. Əgər onu uduzsa, yol çox uzanacaq. Alkaras ilk seti uduzub geri dönüş edə bilər, amma Novaka belə lüks qalmayıb. O, ispaniyalını ilk topdan maksimum diqqətli oynamağa məcbur edəcək və bəlkə də ona təzyiq göstərə biləcək"