AZ

Aİ-dən Bakı və İrəvana “sülhü vaxtında imzalayın” çağırışı gəldi...


Ceyhun Məmmədov: “Bu, Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”

Azərbaycan və Ermənistan arasında razılaşdırılmış addımların həyata keçirilməsi Cənubi Qafqazın ümumi dinc inkişafına müsbət təsir göstərəcək və tərəflərin davamlı sülhə və ümumi firavanlığa yaxınlaşmasına kömək edəcək.

Bu barədə Avropa İttifaqının (Aİ) Avropa Şurasındakı (AŞ) nümayəndəliyinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə bağlı bəyanatında belə deyilir: “Aİ sülh müqaviləsinin vaxtında imzalanmasını və ratifikasiyasını təmin etməyi vacib sayır. Sazişin mətni üzrə ikitərəfli danışıqların ötən ilin martında başa çatdırılması 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin tam normallaşması istiqamətində həlledici addımdır”. Bəyanata bir sıra Aİ ölkələri ilə yanaşı, Böyük Britaniya da qoşulub.

Görünən odur ki, sözügedən qurum da sülh sazişinin imzalanmasının tezləşməsində maraqlıdır. Bu səbəbdən hər iki tərəfə çağırış edir, sazişin imzalanmasına siyasi dəstək verir.

“Artıq Avropa real sülhün əldə olunmasını dəstəkləyir və buna hansısa formada praktiki töhfə vermək istəyirlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, əslində bu çağırış cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallığın təsdiqidir: “O baxımdan bu, Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir. Məlum olduğu kimi, uzun müddət Avropa dövlətləri fərqli yanaşmalar və mövqelər ortaya qoyurdular. Ancaq bu dəfə biz tamamilə fərqli yanaşmanı müşahidə edirik. Söhbət ondan gedir ki, artıq Avroittifaq və qurumun təsisatları da bu məsələyə ciddi reaksiyalarını verirlər. Çünki Azərbaycan yeni reallıqlar yaradıb. Əvvəllər isə tamam fərqli baxış və yanaşmalar var idi. Bəzi Avropa ölkələri açıq şəkildə Ermənistanı dəstəkləyirdilər. Ancaq indi isə tamam fərqli bir mühitin şahidiyik. O da ondan ibarətdir ki, artıq Avropa real sülhün əldə olunmasını dəstəkləyir və buna hansısa formada praktiki töhfə vermək istəyirlər. Əvvəl biz bunu görmürdük. Gördüyümüz o idi ki, Ermənistan hərtərəfli dəstəklənir, ora hansısa missiya göndərilir və s. Azərbaycana qarşı isə ədalətsiz bir mövqe sərgilənir. O baxımdan bütün bunların dəyişməsini müsbət qarşılayırıq və bunun yeni reallıqlarla əlaqəli olduğunu düşünürük. Azərbaycanın səyləri və aparılan siyasət nəticəsində ölkəmizin mövqeyi nəzərə alındı. Avropa sülh prosesinə real dəstəyini artırmaqdadır. Nəticədə Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyinin belə bir bəyanat verməsinin şahidi olduq”.

Vidadi ORDAHALLI

Seçilən
1
baki-xeber.com

1Mənbələr