Mərakeş Tanger-Med limanı sayəsində Afrikanı Avropa və Amerika ilə birləşdirən mühüm logistika qovşağına çevrilib. İspaniyanın Alxesiras və Barselona, İtaliyanın Genuya şəhərlərini birləşdirən bu liman hazırda dəniz marşrutlarına xidmət göstərir.
AZƏRTAC Mərakeşin “Akhbarona” internet qəzetinə istinadla xəbər verir ki, Pekin Çinin Çendu şəhərini Polşa, Almaniya və İspaniyadan keçməklə Tanger-Med limanı ilə birləşdirən yeni logistika dəhlizinin istifadəyə verilməsinə başlayıb. Quru və dəniz nəqliyyatını (dəmir yolu və dəniz) birləşdirən bu dəhliz çatdırılma müddətini 35 gündən cəmi 20 günə endirir, bununla da Mərakeşə Afrika və Amerika qitəsinə giriş qapısı kimi müstəsna strateji mövqe qazandırıb. Layihə “Yeni İpək Yolu”nun bir hissəsidir ki, bu da malların Avropa vasitəsilə dəmir yolu ilə Barselonaya daşınmasını, daha sonra Tanger-Med limanında gəmilərə yüklənməsini və xərclərin azaldılmasını nəzərdə tutur. O, həmçinin çatdırılma üzrə etibarlılığı artırır və malların Şimali Afrika bazarlarına çatdırılmasını sürətləndirir.
Bu təşəbbüs xüsusilə Çinin Mərakeş də daxil olmaqla 53 Afrika ölkəsinə gömrük imtiyazları vermə siyasətini nəzərə alsaq, mərakeşli ixracatçılar üçün əhəmiyyətli bir fürsətdir. Mərakeş ixracatçıları hər il 186 milyard dollar dəyərində ərzaq idxal edən 1,4 milyard istehlakçının daxil olduğu Çin bazarına çıxmaq üçün qızıl fürsətə sahibdirlər.
Üstəlik, 15 ildən az müddətdə Afrikanın ən böyük avtomobil istehsalçısına çevrilən Mərakeş, eyni zamanda, Avropaya coğrafi yaxınlığı və Amerikadan cəmi beş günlük okean səyahəti sayəsində qlobal logistika infrastrukturu kimi mövqeyini möhkəmləndirir. Atlantik fasad layihəsi, o cümlədən Daxla limanı Krallığın Çin, Afrika və Avropa arasında körpü rolunu oynamaq yolunda olduğunu açıq şəkildə nümayiş etdirir.