AZ

DÇ-2026: millimiz böyük hesabla uduzdu - YENİLƏNİB

Mövsümlərarası fasilədən qayıdan premyer-liqa komandaları yenicə toparlanmağa başlayırdı ki, milli fasilə gəlib çatdı. Lakin üzülməyə dəyməz. Çünki yığmaların oyununda da gərginlik son həddə çatacaq.

Düzdü, millimizin illərdi davam edən uğursuzluqları yerli futbol ictimaiyyətinin bu cür görüşlərə marağına böyük ölçüdə mənfi təsir edib. Yenə də ümidli olmaqda, hər turnirə ağ vərəq kimi yanaşmaqda fayda var. Odu ki, fikirləri yığmamızın qarşıdan gələn oyunları üzərində cəmləşdirməkdən başqa yol yoxdu.

DÇ-2026-nın seçmə mərhələsi
İslandiya - Azərbaycan 5:0

5 sentyabr. Reykyavik, “Lauqardalsvollur” stadionu. Saat 22.45.

Yuxarıda da vurğuladığımız kimi, millimiz DÇ-2026-nin seçmə mərhələsində D qrupu çərçivəsində qüvvəsini sınayacaq. İlk rəqib İslandiyadı. Bu komanda FİFA-nın dünya reytinqində 74-cü pillədə qərarlaşıb. Kollektiv millimizlə oyundan əvvəl iki yoxlama oyunu keçirib. İslandiya yığması iyulun 6-da və 10-da baş tutan matçlarda, müvafiq olaraq, Şotlandiyaya qalib gəlibsə), Şimali İrlandiyaya uduzub. Rəqibin Millətlər Liqasındakı çıxışı da qənaətbəxşdi. Komanda hazırda Millətlər Liqasının pley-off mərhələsindədi və bu çərçivədə keçirilən ilk matçda Kosovoya uduzub - 1:2. İndi islandiyalılar fərqli turnirdə uğurlu nəticələr qazanmaq niyyətindədi. İslandiya millisinin orta yaş həddi 27-di. Bu yığmanın ən bahalı futbolçuları Hakon Arnar Haraldssonla Albert Qudmundssondu. Hər iki oyunçunun bazar dəyəri 18 milyon avrodu.

Ümumiyyətlə, İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson Azərbaycan, sentyabrın 9-da isə Parisdə Fransa millisinə qarşı keçiriləcək matçlara 24 futbolçu dəvət edib: qapıçılar - Elias Rafn Olafsson (“Midtülland”, Danimarka), Hakon Rafn Valdimarsson (“Brentford”, İngiltərə), Anton Ari Eynarsson (“Breydablik”); müdafiəçilər - Loqi Tomasson (“Samsunspor”, Türkiyə), Daniel Leo Qretarsson (“Syenneryuske”, Danimarka), Aron Einar Qunnarsson (“Al Qarafa”, Qətər), Sverrir İnqi İnqason (“Panatinaikos”, Yunanıstan), Viktor Palsson (“Horsens”, Danimarka), Byarki Steinn Byarkason (“Venetsiya”, İtaliya); yarımmüdafiəçilər - Mikael Eqill Ellertsson (“Cenoa”, İtaliya), Gisli Tordarson (“Lex”, Polşa), İsak Berqmann Yohannesson (“Köln”, Almaniya), Torir Yohann Helqason (“Leççe”, İtaliya), Stefan Teytur Tordarson (“Preston”, İngiltərə), Hakon Arnar Haraldsson (“Lill”, Fransa), Kristian Hlinsson (“Tvente”, Niderland), Villum Tor Villumsson (“Birmingem”, İngiltərə), Yon Daqur Torsteinsson (“Herta”, Almaniya), Mikael Nevill Anderson (“Yurqorden”, İsveç); hücumçular - Albert Qudmundsson (“Fiorentina”), Saevar Atli Maqnusson (“Brann”, Norveç), Andri Qudyonsen (“Gent”, Belçika), Orri Oskarsson (“Real Sosyedad”, İspaniya), Daniel Qudyonsen (“Malmö”, İsveç).

Millimizə gəlincə, heyət haqda ətraflı məlumatı diqqətinizə çatdırmışdıq. Bəlli olmuşdu ki, yığmamızın baş məşqçisi Fernando Santuşun komandaya cəlb etdiyi futbolçuların əksəriyyəti ideal formadan uzaqdı. Başqa sözlə, öz komandalarında şans qazanmırlar. Görünür, portuqaliyalı mütəxəssis minimum imkanlardan maksimum faydalanmaq məcburiyyətində qalacaq və səmimi olsaq, bu, onun borcudu. Santuş indi həm maaşından, həm də təcrübəsindən dolayı irəli gələn vəzifələrini yerinə yerirməlidi!

KƏNAN BAHADIR 

Seçilən
17
6
football-plus.az

10Mənbələr