AZ

II Qaregin yenə sərsəmlədi

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri və "ŞƏT plyus" formatında Zirvə toplantısında iştirakı ölkəmizin qlobal miqyasda artan siyasi və iqtisadi çəkisini bir daha göstərən mühüm tarixi hadisədir. Xüsusən ölkəmizin yaratdığı yeni reallıqlar fonunda ŞƏT kimi platformalarda ölkəmizin mövqeyinə xüsusi diqqətlə yanaşılması regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi baxımından çox önəmlidir. 

Eyni zamanda Azərbaycanın mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi kimi məsələləri əhatələyən mövqeyinin yeni geosiyasi reallıqlarda ŞƏT kimi nəhəng ərazi, əhali və iqtisadi potensiala malik coğrafiyada bəyan olunması baxımından da tarixi fürsət sayıla bilər. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu fürsəti real imkanlara çevirərək ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Çinlə strateji tərəfdaşlıq qurulmasını təmin etdi. Bu il İlham Əliyevin Çinə dövlət səfəri zamanı isə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Dövlət başçımızın da dediyi kimi, bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlmasında bildirib ki, Azərbaycan və Çin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, hər iki ölkənin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səyləri qəti xarakterə malik olub: "Bundan başqa, Bakı və Pekin çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində qarşılıqlı dəstəkdə ehtiva olunan əməkdaşlıq təcrübəsinə malikdir. Cənab Prezidentin də ifadə etdiyi kimi, "Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq. Azərbaycan Prezidentinin zamanında reallaşdırdığı və geosiyasi xarakter daşıyan layihələr Çinin "Bir kəmər, bir yol" layihəsinin region üzrə realizəsində önəmli və hətta həlledici hab rolunu oynamaqdadır. Qeyd olunanları nəzərə alaraq birmənalı şəkildə əminliklə demək olar ki, Azərbaycan və Çin arasında əməkdaşlıq bütövlükdə Cənubi Qafqaz tarixində istər qlobal inteqrasiya, istərsə də yeni investisiya mühitinin canlanması baxımından strateji xarakterə malikdir". 

Deputat qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi tarixən ciddi problemlər yaradıb, yəni çoxsaylı maraqların burda cəmlənməsi bu coğrafiyada inkişafı, sülhü, sabitliyi, adətən, arxa plana atıb. Azərbaycan tarixində ilk dəfə Prezident İlham Əliyev Azərbaycanın yerləşdiyi coğrafiyanı bizim üçün dividendə çevirə bilib. Azərbaycan tarixində ilk dəfə olaraq Prezident İlham Əliyev məhz bu reallıqlara nail olmaqla, həm də Azərbaycana beynəlxalq biznesin baxışına tamamilə yeni bir ruh gətirib. O cümlədən Çin şirkətləri sülh və sabitlik şəraitində olan və biznes mühitinə zərər vurmayan bir situasiya arzulayırlar. Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində qələbəsi, eyni zamanda ölkənin siyasi və iqtisadi cəhətdən tam müstəqilliyə nail olması, suveren imkanlar açması Azərbaycanı artıq həmin şirkətlər üçün birmənalı şəkildə cəlbedici və qazanc götürə biləcəkləri bir coğrafiyaya çevirib. Eyni zamanda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, digər istiqamətlərdəki proseslər həmin şirkətlərin ölkəmizə etibarlı tərəfdaş zəminində baxması üçün çox real imkanlar açıb və nəticə etibarilə Prezident İlham Əliyevin Çində həmin şirkət rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycana artan marağın göstəricisidir. 

O bildirib ki, bu, ölkəmizin stabil inkişaf yoluna qədəm qoyması və artıq ciddi uğurlar qazanması baxımdan mühüm göstəricidir: "Dünya tədricən, elə Çinin timsalında, ÜDM ilə yanaşı, ümummilli məhsul anlayışına daha çox fokuslanıldığı bir şəraitdə cənab İlham Əliyev bu fürsəti artıq imkanlara çevirə bilir. Bu mənada  məsələlərin siyasi zəmində təhlilinə daha çox diqqətin yetirilməsi vacibdir, yəni iqtisadi cəhətdən də, həmçinin ölkəmizin yaratdığı yeni reallıq şəraitində qazandığı böyük siyasi uğurdur. Azərbaycan Prezidentinin bu səfərinin ilk günündəcə reallaşdırdığı təmaslar və keçirdiyi görüşlər artıq yalnız ikitərəfli xarakterlə məhdudlaşmayan Bakı-Pekin münasibətlərinin bütövlükdə beynəlxalq hüquq adına önəmli perspektivlər vəd etdiyini göstərməkdədir.  Ümumiyyətlə, proseslərin gedişi göstərir ki, Prezident İlham Əliyevin şaxələndirilmiş xarici siyasət kursu, ölkəmizin hərbi-siyasi qələbələri ilə yaratdığı yeni reallıqda artan nüfuzumuz bizə istənilən güc, o cümlədən də Çin Xalq Respublikası ilə bərabərhüquqlu tərəfdaşlıq imkanı verir.  Çinlə strateji tərəfdaşlıq dövlət başçımızın da ifadə etdiyi kimi, böyük nailiyyət və böyük məsuliyyətdir. Prezident İlham Əliyevin vizyonu Cənubi Qafqazda nə əhali, nə ərazi göstəriciləri ilə Çinlə müqayisə oluna bilməyən Azərbaycanı elə bir səviyyəyə çatdırıb ki, Pekin özü Bakıya bərabərhüquqlu və güvənilir tərəfdaş, cənab İlham Əliyevə isə hesablaşılan qlobal lider kimi baxır". 

B.Məhərrəmov vurğulayıb ki, məhz bu amillər Prezident İlham Əliyevə "ŞƏT plyus" formatında görüşdəki çıxışında Azərbaycanın artan geosiyasi nüfuzunun və önəminin real mənzərəsini ortaya qoymağa imkan yaradır. Prezident İlham Əliyev açıq formada bildirdi ki, "2022-ci ildən bəri Orta dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Yəni dövlət başçımız qətiyyətli formada göstərmiş oldu ki, Orta dəhliz məhz Azərbaycan sayəsində Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Bu dəhlizlə bağlı yanlış düşüncələr, xüsusən Zəngəzur dəhlizinə (TRIPP) hərbi məqsədli layihə donu geyindirmək istiqamətində məqsədli tezislərə də dövlət başçımızın "ŞƏT plyus" platformasındakı çıxışı sərt və geosiyasi əhəmiyyətli cavab oldu. Prezident məhz Bakının təşəbbüsü olan Zəngəzur dəhlizinin (TRIPP) həm Orta dəhlizin, həm də "Şimal-Cənub" dəhlizinin növbəti mühüm seqmentinə çevrilərək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcəyini və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcəyini bildirməklə ölkəmizin sülhpərvər və əməkdaşlıq niyyətini nümayiş etdirdi.  "Qeyd olunanlara, habelə Çinin Tiencin şəhərində təşkil olunmuş "ŞƏT plyus" Zirvəsi çərçivəsində keçirilən 10-dan artıq görüşün məzmununa diqqət etsək, əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin "ŞƏT plyus" Zirvəsində iştirakı ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması istiqamətində ölkəmizin böyük həmləsi sayılmalıdır. Azərbaycanı Pekin üçün ilk növbədə, Prezident İlham Əliyevin simasında sözünə, vədinə sadiq liderin mövcudluğu arzuolunan tərəfdaşa çevirir. Pekində əmindirlər ki, kənardan heç kəs nə Azərbaycan liderinin iradəsinə təsir edə, nə də ölkənin müstəqil xarici siyasət kursuna fərqli yön verə bilər. Yəni sözümüz imzamızdır. Azərbaycan lideri vədlər vermir, ortada real fəaliyyət var və son 20 ildə sabit və təhlükəsiz şəraitdə ölkəmizdə həyata keçirilən layihələr Çinə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində imkanları reallaşdırmaq üçün tam yeni perspektivlər açır. Üstəlik, Azərbaycan Çindən yalnız idxalı artırmır, eyni zamanda bir müddət əvvəl dövlət başçımızdan müsahibə alarkən "Sinxua" agentliyinin müxbirinin də ifadə etdiyi kimi, "Azərbaycan məhsulları minlərlə çinli ailənin evinə daxil olur". Yəni biz hər mənada, istər iqtisadi əməkdaşlıq, istər beynəlxalq müstəvidə iki ölkənin ümumi maraqlarının müdafiəsi, həmçinin sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviqi baxımdan bu strateji tərəfdaşlıqdan qazanırıq", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycanla Çin arasında siyasi, iqtisadi, ticari, mədəni, humanitar istiqamətlərdə əməkdaşlığın kifayət qədər geniş spektrə malik gündəliyi mövcuddur. Həm Bakı, həm də Pekin hesab edir ki, Azərbaycan və Çin arasında maraqların uzlaşdırılması tam mümkündür və bununla da hər iki dövlətin mənafelərinin təmin olunması ilə yanaşı, ortaya ümumbəşəri niyyətlər naminə ciddi töhfələr qoyula bilər. Bu mənada, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində imzalanan sənədlərin əhatə dairəsinin genişliyi və dövlət başçılarının imzalanan sənədlər üzrə icranın reallaşması baxımından ortaya qoyduğu iradə, o cümlədən ŞƏT çərçivəsində işgüzar səfər zamanı keçirdiyi görüşlər bütövlükdə beynəlxalq münasibətlər sistemi adına ciddi perspektivlər vəd edən geosiyasi hadisədir. Xüsusən, "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsindən sonra Bakı-Pekin münasibətlərində tam yeni bir mərhələdir. İndiyədək Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticari, investisiya, kommunikasiya əlaqələri diplomatik kanallardan istifadə olunaraq inkişaf etdirilib. Lakin xalqlar arasında təmasların artırılması və ictimai diplomatiya ilə əlaqələrimizin inkişafına əlavə fürsət yaratmışdır. 

Bu baxımdan qarşılıqlı viza tələbini ləğv etməklə turistlərin sayının çoxalmasının ictimai diplomatiya məzmununda əlaqələrimizə xüsusi töhfə verəcəyi şübhə doğurmur. Bundan başqa, qarşılıqlı gediş-gəlişdə bürokratik əngəllərin tam şəkildə aradan qaldırılması ticari münasibətlər üçün də yeni səhifə aça, turist qismində Azərbaycana və Çinə gedən vətəndaşları potensial investora çevirə bilər. Bu baxımdan  Prezidentin Çinə işgüzar səfəri, keçirdiyi görüşlər çoxşaxəli xarakter daşımaqla, tam yeni əməkdaşlıq səhifəsi açmaqla ümumbəşəri niyyətlər naminə tarixi əhəmiyyətə malik hadisədir. Aydındır ki, Azərbaycan bütün dünya dövlətləri ilə, o cümlədən Çin Xalq Respublikası ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə əməkdaşlıq etmək niyyətindədir və dövlət başçısının Çinə işgüzar səfəri, əslində, həm də ölkəmizin qeyd olunan konstitusion niyyətinin təntənəsi hesab olunmalıdır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
7
azerbaijan-news.az

1Mənbələr