Şəkər insanların əksəriyyətinin gündəlik qida rasionunun ayrılmaz hissəsidir. Çaydan şirniyyata, sərinləşdirici içkilərdən "fast food"lara qədər bir çox məhsulda şəkər mövcuddur. Lakin onun faydadan çox zərər gətirdiyi danılmaz həqiqətdir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, günlük şəkər istehlakı kişilər üçün 37,5 qram (9 çay qaşığı), qadınlar üçün 25 qram (6 çay qaşığı), uşaqlar üçün 12-25 qram olmalıdır.
Əslində, enerji mənbəyi hesab edilən şəkər təbii şəkildə qəbul edilsə, hətta faydalıdır da. Meyvə, tərəvəz, süddə olan fruktoza və laktoza vitamin və minerallarla zəngindir. Rafinə (emal) edilmiş şəkər isə müxtəlif kimyəvi və fiziki proseslərdən keçdiyi üçün qida dəyəri azdır. Lakin onun mənfi cəhəti yalnız bununla bitmir. ABŞ-nin San-Fransisko Kaliforniya Universitetinin tədqiqatçıları xüsusilə qablaşdırılmış qidalardakı emal olunmuş şəkərin hüceyrə zədələnməsinə, xroniki iltihaba səbəb olduğunu və bioloji qocalmanı sürətləndirdiyini aşkar ediblər. Xroniki iltihab isə piylənmə, diabet, qaraciyər və ürək xəstəliklərinə səbəb olur və xərçəng riskini artırır. Şəkər kollagenin parçalanmasını sürətləndirərək, dərinin daha tez qocalmasına səbəb olur.
Narkotik, spirt və nikotin tərkibli məhsullar kimi emal olunmuş şəkərin həddən artıq istifadəsi də asılılıq yaradır. Müəyyən edilib ki, şirin qidalar qəbul olunduqda psixotrop maddənin və alkoqolun qəbulundan sonra olduğu kimi beynin eyni sahələri aktivləşir. Şəkər dildə olan dad reseptorlarına təsir edərək, beyində "xoşbəxtlik hormonu" olan dopamin ifrazını stimullaşdırır. Lakin bu təsir müvəqqətidir və daha çox şəkər istəyi yaradır.
Şəkərli diabetin bir neçə növü var. Onun ən çox yayılmış növü tip 2-dir. O, bədənin hüceyrələri insulinə davamlı olduqda baş verir və insulinin qeyri-adekvat istifadəsinə səbəb olur. Şəkərdən kəskin imtina cəhdi isə beyində bu hormona ehtiyac yarada bilər ki, bu da nəticədə şəkər asılılığı olan şəxsdə daha çox həcmdə şirniyyat yemək istəyi yaradır.
Şəkər asılılığı yuxu rejiminə də bilavasitə təsir edir. Sutkalıq 7-8 saatlıq yuxu rejiminə riayət edilməsinə baxmayaraq, insan daimi yuxululuq hissindən şikayət edirsə, bu, şəkər asılılığının əlaməti kimi qəbul edilir. Belə ki, mütəmadi şəkər istifadəsi qanda şəkərin miqdarının sürətlə yüksəlib, daha sonra düşməsinə, yəni şəkərin oynamasına səbəb olur. Bu da daimi yorğunluğa gətirib çıxarır. Proteindən fərqli olaraq, karbohidratın bir növü olan şəkər tez həzm olunur, qana sürətlə sovrulur. Bu zaman avtomatik olaraq qanda şəkərin miqdarı yüksəlir, lakin elə yüksəldiyi kimi də tez düşür. Aclıq hiss edilir, tez həzm olunacaq qidaya tələbat olur. İnsana əsmə, bayılma hissləri gəlir. Ona görə də ən tez əldə edə bildiyi şəkərdən istifadə edir. Bu hal tez-tez təkrarlandıqca orqanizmdə insulin ifrazı artır, insulin dirənci kimi problemlər meydana çıxır. Bu səbəbdən şirniyyatı çox istehlak edənlərə şirniyyat qəbulunu tədricən azaltmaq tövsiyə olunur.
İnsanlar bəzən şəkər istehlakını azaltmaq üçün şəkər əvəzedicilərindən istifadə edirlər. Şəkər əvəzediciləri adi şəkərdən 20-40, hətta bəzi növləri 200 dəfəyədək daha çox şirindir və təqribi 3000 adda məhsula (siroplar, yoqurtlar, tez hazırlanan səhər yeməkləri, dondurulmuş yarımfabrikatlar, hazır şorbalar, konservləşdirilmiş meyvə-tərəvəzlər, ketçup və souslar, saqqız, qazlı sular, qablaşdırılmış bir çox qidalar və s.) əlavə edilir. O, şəkərli diabet xəstəliyi olan və ya arıqlamaq arzusunda olan insanların qida mənbəyi hesab edilir. Lakin unutmaq lazım deyil ki, normadan artıq istifadə olunduqda miqren, baş ağrıları, depressiya, allergik reaksiyalar, ishal, o cümlədən qaraciyər zədələnməsi, insulin dirənci, xroniki iltihaba meyillilik, ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.
Şəkər istehlakını azaltmaq ilə həyat tərzini dəyişmək zamanla bədəndə və zehində müsbət dəyişikliklər yaradır. Əvvəlcə çətin görünən bu proses qısa müddət sonra böyük fərq yaradır. Daha enerjili hiss etmək, yuxunun yaxşılaşması və dəri görünüşündəki parlaqlıq ən tez görünən nəticələrdəndir. Şəkərdən imtina ilə qidalanma instinkti dəyişir, daha sağlam və nizamlı qidalanma vərdişləri formalaşır.
Şəkərin zərərlərindən qorunmaq üçün onun miqdarını azaltmaq, mümkün qədər təbii şirələndiricilərdən - bal, meyvə və xurma kimi məhsullardan istifadə etmək tövsiyə olunur. Həmçinin qazlı içkilər əvəzinə su, meyvə çayı və təbii şirələr içmək daha faydalıdır. Çayı şokolad, mürəbbə və şirniyyat əvəzinə, təzə və ya qurudulmuş meyvə və giləmeyvələrlə içmək, susuzluğu şəkərli içkilərlə deyil, su ilə dəf etmək, yemək hazırlayarkən isə minimum şəkər əlavə etmək və ya ümumiyyətlə, əlavə etməmək, üzüm, armud kimi həddindən artıq şirin meyvələri limitli qəbul etmək daha məsləhətlidir. Balanslı qidalanma, sağlam həyat tərzi və şəkərin minimuma endirilməsi uzunömürlülüyün əsas şərtlərindəndir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"