NATO-nun iki müttəfiq dövləti – Fransa və Birləşmiş Ştatlar arasında münasibətlər gərginləşib. Fransada antisemitzm hallarının artması və hökumətin müvafiq addımlar atmaması ABŞ-də narahatlıq yaradıb. İş o yerə çatıb ki, ABŞ Prezidenti Donald Trampın qudası, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bununla bağlı narahatlığını məktubla ifadə edib.
Amerikalı diplomat Fransa Prezidenti Emmanuel Makronu antisemitizmlə mübarizə üçün kifayət qədər səy göstərməməkdə günahlandırıb. Səfir qeyd edib ki, Fransanın Fələstinin müstəqilliyini tanıyacağını bəyan etməsi "ekstremistləri həvəsləndirir və zorakılığı qızışdırır". Kuşner əlavə edib ki, antisemitizm uzun müddətdir Fransa həyatını kölgələyir, 2023-cü ildə HƏMAS-ın hücumundan sonra isə yeni mərhələyə qədəm qoyub. "Fransada yəhudilərin küçədə hücuma məruz qalmadığı, sinaqoq və məktəblərin təhqir edilmədiyi və yəhudilərə məxsus müəssisələrə hücum olmayan bir gün keçmir. Sizin Daxili İşlər Nazirliyiniz hətta uşaq bağçalarında da belə insidentlər barədə məlumat verib", - deyə Kuşner iddia edir. O, Makronu "qətiyyətlə hərəkət etməyə", "pozucuları təqib etməyə" və "HƏMAS-a legitimlik verən addımlardan imtinaya" çağırıb.

Kuşnerin ittihamları "qəbuledilməz" adlandırılıb
Fransa Xarici İşlər Nazirliyinin məktuba cavabı sərt olub. Nazirlik Kuşnerin ittihamlarını "qəbuledilməz" adlandırıb. Kuşner Fransa Xarici İşlər Nazirliyinə çağırılıb, lakin Parisdə olmadığını bəhanə edərək, ora getməyib. Xarici siyasət idarəsinə iradları dinləmək üçün daha aşağı rütbəli amerikalı diplomat gedib. Fransa XİN bildirib ki, ABŞ səfiri ölkənin daxili işlərinə qarışır və bununla Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur.
Keçmiş vəkil və tikinti maqnatı, multimilyoner
Qeyd edək ki, Kuşner karyera diplomatı deyil. O, keçmiş vəkil və tikinti maqnatı, multimilyoner, ən əsası, ABŞ Prezidenti Donald Trapmın qudasıdır. Onun oğlu Trampın qızı İvanka ilə evlidir. İvanka 2009-cu ildə toydan az əvvəl iudaizmi qəbul edib.
Tramp Kuşneri 30 noyabr 2024-cü ildə ABŞ-nin Fransadakı səfiri vəzifəsinə təyin edib. O, qudasını "parlaq biznesmen" adlandırıb və onun "ABŞ və Fransa arasında tərəfdaşlığı gücləndirmək üçün" Parisə getdiyini bildirib. Yəni Kuşner təkcə ABŞ-nin Fransadakı səfiri kimi deyil, həm də Tramp ailəsinin üzvü kimi tanınır. Ağ Ev başçısının ilk prezidentlik müddəti ərzində Kuşner Trampın baş müşaviri vəzifəsini tutub və ABŞ-nin Yaxın Şərq siyasətini müəyyən edib.
