AZ

Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir

“Rəsmi Moskva hesab edir ki, rəsmi Bakının Rusiya vətəndaşlarını azad etməsi tərəflər arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib.

Onun sözlərinə görə, Rusiya konsulluq əməkdaşlarının Azərbaycanda həbs olunan həmvətənlərinə baş çəkməsi və onların səhhəti ilə bağlı məlumat verilməsi üçün sorğu göndərib, lakin Bakı hələlik razılıq verməyib. “Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələ ki, razılığını verməyib. Güman edirik ki, belə razılıq alınacaq”, - Zaxarova brifinqdə deyib.

Bundan başqa, onun sözlərinə görə, iyulun 2-də saxlanılanların səhhəti və onlara tibbi yardım göstərilməsi ilə bağlı sorğu göndərilib. “Təəssüf ki, hələ cavab almamışıq. Biz cavab alacağımızı güman edirik”, - deyə Zaxarova əlavə edib.

Rusiya XİN-dən verilən açıqlama rəsmi Moskavanın Azərbaycanla münasibətlərdə gərginliyə səbəb olan halları aradan qaldırmaq üçün güzəştə getmək fikrində olmadığını göstərir. Zaxarovanın birtərəfli qaydada Azərbaycan qarşısında tələblər səsləndirməsi Rusiyanın yol verdiyi cinayətlərə görə məsuliyyətsizlik nümayiş etdirməsindən xəbər verir. 

Yəni rəsmi Moskva Azərbaycanda həbs olunmuş Rusiya vətəndaşlarının azad edilməsini münasibətlərin normallaşması üçün əsas şərt kimi qoyur. Ancaq münasibətlərin qaydasına düşməsinin başlıca şərti ilk növbədə, Rusiyanın Azərbaycana qarşı cinayət törətmiş şəxslərin cəzalandırılmasından ibarətdir. Söhbət 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin Qroznı səmasında təyyarəsinin vurulması nəticəsində 38 nəfərin həlak olmasından, həmçinin, 2025-ci ilin iyul ayında  Yekaterinburq şəhərində azərbaycanlıların Xüsusi Təyinatlı Milis Dəstəsi tərəfindən hücuma məruz qalması iki nəfərin döyülərək işgəncələrlə öldürülməsindən gedir. 

İyul ayından Rusiyadakı azərbaycanlılara qarşı milli mənsubiyyətinə görə başlanmış həbslər və deportasiya prosesi hələ davam edir. Lakin Rusiya tərəfi nə təyyarənin vurulmasında iştirak etmiş hərbçilərin, nə də dinc insanları işgəncə ilə qətlə yetirmiş “OMON”- çuların hüquqi məsuliyyətə cəlb edilməsinə görə Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirib. 

Halbuki, Azərbaycan Rusiyadan baş vermiş təyyarə faciəsinə görə üzr istəməyi və dəymiş ziyanla əlaqədar təzminat ödəməyi tələb edir. Amma Zaxarovanın açıqlaması Rusiyanın bu şərtlərin heç birinə əməl etmək niyyətində olmadığını göstərir. Bununla Rusiya qonşuluğunda olan digər postsovet ölkələri kimi Azərbaycana qarşı da imperiya davranışı sərgiləyir.

Ötən il təyyarənin vurulmasından indiyə qədər Rusiya rəsmilərinin yol verdikləri bütün siyasi və hüquqi özbaşınalıqlara son qoyulması üçün Azərbaycan Kreml qarşısında irəli sürdüyü qanuni tələblərindən geri çəkilməyib. Ona görə də Rusiya Azərbaycanla münasibətlərin normallaşmasına təhdid ritorikası ilə danışmaqla deyil, yalnız qarşı tərəfin də istəkləri nəzərə alınmaqla nail ola bilər. 

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr