AZ

Cəhənnəmdən qaçış

Jan-Pol Sartrın “Milçəklər” pyesi haqqında

Əvvəli ötən sayımızda

İri, yağlı milçəklər topa-topa bacı-qardaşa hücum çəkir, bunlar eriniyalar - vicdan əzabı məlakələridir. Elektra qardaşını milçəklərdən, insanlardan qorumaq üçün onu Apollon məbədinə aparır. Bacı-qardaş orada yuxuya gedir. Milçəklər divarlara suvaşıb növbə çəkir. Yatanlar oyananda atmilçəyinə bənzər iri həşəratlar da vızıldaşıb canlanır. Bacısına baxan Orest dəhşətlə anlayır ki, Elektra Klitemnestraya oxşamağa başlayıb. Bu da təsadüf deyil: qız da anası kimi müdhiş bir cinayətin şahidi, ondan da artıq - iştirakçısı olub. Eriniyalar əllərini-əllərinə sürtə-sürtə bacı-qardaşın ətrafında çılğın rəqs eləyirlər. Orest bacısını dilə tutub məyusluqdan, peşmanlıqdan qurtarmağa çalışır, cinayətin bütün məsuliyyətini öz üstünə götürür.

Yupiter zühur eləyib milçəkləri susdurur. Göylər sultanı yaxşı bilir ki, insanı azad, tanrıya tay yaratmağı özünün əleyhinə çevrilib, ona görə də cinayət ortaqlarını cəzalandırmağa can atmır. Ona yalnız bircə damla tövbə göz yaşı, bircə çimdik peşmanlıq külü lazımdır. Yupiter Orestlə Elektranı cinayəti boynundan atmağa çağırır, belə olarsa tanrı bacı-qardaşı taxta oturda bilər. Orest cavab verir ki, onun Arqos taxtına onsuz da haqqı çatır. Yupiter azad qatilin nəzərinə çatdırır ki, məbədin qapısı ağzında şəhər əhli əldə yaba, dəyənək onu gözləyir, Oresti günahını boynuna almağa çağırır. Orest etirafdan boyun qaçırır - əgər Yupiter bu cimayətin baş verməyini istəmirdisə, niyə vaxtında tədbir görüb onun qarşısını almırdı? Deməli, göylərdə nə şər, nə də xeyir var, orada insana hökmü keçən bir kimsə yoxdur. Orest Yupiterə deyir: sən tanrıların da, daşların da, ulduzların da, dəniz dalğalarının da hökmdarısan, ancaq insana hökm eləyə bilməzsən.

Yupiter Orestə deyir ki, sən mənim otardığım sürüdən ayrılsan, sənin azadlığın sürgün demək olacaq. Orest onunla razılaşır, bununla belə onun qanunlarının çevrəsinə bir də qayıtmayacağına söz verir. Orada min-min yol var, hamısı da bir ünvana - Yupiterin dərgahına aparır. Ancaq Orest öz yoluyla getmək istəyir, hər bir insan öz yolunu özü axtarıb tapmalıdır: “Sən - tanrısan, mən - azadam, ikimiz də eyni dərəcədə tənhayıq, eyni qüssəli qorxudan əzab çəkirik”. Bundan sonra Yupiter səssizcə uzaqlaşır.

Elektra Orestdən aralanır. Milçəklər üstünə tökülüşüb qızı didməyə başlayanda o, Yupiteri köməyə çağırır. Elektra Yupiterin qanunlarına boyun əyib onun köləsi olacağına söz verəndən, tövbə eləyəndən sonra qisas ordusu onu rahat buraxır. Artıq eriniyaların bütün diqqəti Orestin üstündə cəmləşib. Məbədin qapıları aralanır, eşikdə Oresti didib-parçalamağa hazıryaraq durmuş qəzəbli kütlə görünür. Orest şəhər əhlinə üz tutub, törətdiyi cinayətin bütün məsuliyyətini mərdi-mərdanə öz çiyninə götürür. Egisf kimi günahsız insanları öz cinayətinə, öz suçuna şərik tutmur. Orest bu cinayəti insanları canlarına sırınmış günahın zindanından, qaniçən milçəklərin hücumundan qurtarmaq üçün törədib, artıq bütün dustaqlar amnistiyaya düşür, hamı günahlardan azad elan olunur. İndi cinayət də, günah da heç kimin yox, Orestin özünündür, o, yenicə qovuşduğu azadlığının atributlarını kimsəylə bölüşmək fikrində deyil. Ancaq Orest öldürdüyü tiranın taxtına oturmayacaq. O, torpaqsız, səltənətsiz, nökərsiz, təbəəsiz padşah olmaq istəyir. Qoy Arqos əhli də yenidən yaşamağa, ömrünü təzələməyə cəhd göstərsin.

Orest milçək ləşkərinin başını çəkib səhnədən gedir...

***

Sartrın yozumunda Orestin törətdiyi qətllər, əlbəttə, rəmzi məna daşıyır. Orest fəaliyyətini şərtləndirən, iradəsini zorlayan, azadlığına əl uzadan səbəbləri aradan qaldırır. Onu həyata gətirmiş anasını öldürəndən, onu didərgin salmış atasının qisasını alandan sonra Orestin keçmişi yoxdur - o, canına dolanmış zaman bağlarını, nəsil iplərini qırıb, fələyin kəməndini boynundan açıb. Sartrın təlimi determinizmin düşmənidir, azadlıq tərənnümçüsü böyük mütəfəkkir insanın azad olduğuna o dərəcədə inanırdı ki, “İnsan azadlığa məhkumdur” kimi dahiyanə fəlsəfi postulatı kəşf eləmişdi. Orest yaradılışın hökmüylə məhkum olunduğu azadlığını determinizm zəncirini qırmaqla özünə qaytarıb halal malına çevirir.

Onun öz əliylə boşaltdığı taxtdan imtinası da azadlığını qorumaq məqsədi güdür. Orest bilir ki, Egisf zahirən hamıdan azad, qüdrətli, xoşbəxt görünsə də, göründüyü kimi deyil. Yupiterlə söhbətində hökmdar belə deyir: “Mən bu taxta oturandan sözümün də, əməlimin də tək bir məqsədi olub: öz obrazımı yaratmaq. İstəmişəm hər bir təbəəm bu obrazı öz içində gəzdirsin, hətta özüylə yalqız qalanda belə mənim sərt baxışlarımı gizli düşüncələrinin üstündə hiss eləsin. Ancaq bu istəyin ilk qurbanı elə mən özüm oldum: mən özümə onların gözüylə baxmağa başladım, onların qəlb aynasının dərinliyində surətimi gördükcə özümdən iyrəndim... Mən təpədən-dırnağa başqalarının qarşımda keçirdiyi qorxulardan yoğrulmuşam... Mən arzusuz, sevgisiz, ümidsiz yaşamışam...”

Gerçəkdən, Arqosda Egisfdən qorxaq, ondan bədbəxt adam yoxdur, əgər onun rəiyyəti yalnız bir adamdan qorxub-çəkinirsə, hökmdarı qidalandıran qorxuların iyirmi min qaynağı var. O, başqalarına möhtacdır, üzdə özünü hamıdan azad adam kimi aparsa da, hamıdan artıq kölədir. Orest məhz bu aqibətdən yayınmaq üçün saraya, taxta-taca yaxın durmur.

Egisflə söhbətində Yupiter də etiraf eləyir ki, eyni dərdə mübtəladır, hökmdar yalnız onun yerdəki kölgəsidir, onun da işi yüz min ildir insanların qarşısında dondan-dona girib hoqqalar çıxarmaq, cilddən-cildə düşüb təlxəklik eləməkdir. Əgər o, bəndələrinin başını qatmaqdan, onların fikrini yayındırmaqdan bircə anlığa əl çəksə, bəndələrin diqqəti özlərinə yönələcək, onda onlar ayılacaq, allah yaddan çıxacaq. Egisf xoşbəxt adamdır ki, öləcək, o isə ölümsüzdür, neçə ki yer üzündə insan yaşayır, tanrı onları əyləndirməyə, onlara tamaşa göstərməyə məhkumdur...

Nitsşenin qətlə yetirdiyi yəhudi-xristian allahına parodiya olsa da, Sartrın Yupiteri cəmiyyətə köçürülmüş təbiət qanunlarını, “saf” şəri, “xalis” iblisi təmsil eləyir. Jan-Pol Sartr başqa allah tanımır.

***

Orest hakimiyyətdən, sərvətdən, şöhrətdən qaçıb özünə çəkilir, çünki boynunda Nobel medalının ağırlığını belə daşımaq istəməyən Sartrın nəzərində azad olmağın başqa yolu yoxdur - başqaları cəhənnəmdir. Elektra vicdanının sızıltısına, günahının təzyiqinə davam gətirməyib o cəhənnəmə qarışır, özünü kütlənin bişdiyi tiyanda əridir. Orest isə cəhənnəmin şərindən işıq, sənət tanrısı Apollonun məbədinə pənah aparır, eynən surətinə qələm çəkən müəllifin özü kimi zamanın şeytani çal-çağırından (unutmayaq ki, Sartr bu pyesi 1943-cü ildə, faşist işğalı altında olan Fransada qələmə alıb), dünyanın namərd felindən öz içinə sığınır. Bundan sonra dünyanın gözəllikləri ona yalnız öz dünyasını bəzəmək üçün naxış, dekorasiya kimi, dahi filosof Hüsserlin təbirincə desək, varlığına ev tikmək üçün alət, material kimi gərək olacaq.

Ekzistensializmin atalarından sayılan Haydegger deyirdi ki, insan varlığın sahibi deyil, olsa-olsa həyatı, varlığı otaran çobandır, hərçənd otardıqlarının mahiyyətinə baş vura bilmir. Ardınca bunu da deyirdi ki, yoxluqdan bu həyata çağırılan insanın ən böyük ləyaqəti varlığın həqiqətinə qarovul çəkməkdir. Belə görünür, Haydegger insanın qüdrətinə axıracan inanmayıb, əks halda insanı varlığa çoban yox, varlığın yiyəsi təyin eləyərdi, onu həqiqətə qarovulçu qoymaqdansa həqiqəti onun mülkiyyətinə verərdi. Aşağı-yuxarı eyni sözləri Sartrın da haqqında demək olar; onun Oresti dünyanın ən böyük sirrinə əl aparıb - insanın azadlığını kəşf eləyib, daha doğrusu, bu sirri allahdan oğurlayıb, ancaq hələlik öz kəşfinin tamhüquqlu müəllifinə çevrilə bilməyib.

İnanmaq istərdik ki, insan oğlu başının milçəyini qova-qova ən ali həqiqətin keşiyində sona qədər duracaq, onu tam mənimsəyib öz mülkünə, sərvətinə çevirəcək. Bu həqiqəti qorumaq çox vacibdir, çünki irili-xırdalı bütün qalan həqiqətlər, dünyalar, qalaktikalar, bütün kainat bu uca həqiqətin başına dolanır. İnsanın azad ruhu - yaradılışın cövhəri, məxluqatın qibləsi, kainatın paytaxtıdır. Ayrı qiblə gəzməyə, ayrı paytaxt salmağa ehtiyac yoxdur.

F.Uğurlu

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr