AZ

Deputat Əhməd Vəliyevin açıqlamasına aydınlıq gətirdi: “Məsələ kontekstdən çıxarılıb”

Dünən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev söyləyib ki, "Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”. O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

Rektorun açıqlaması  sosial şəbəkədə heç də birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama  verən deputat Ceyhun Məmmədov bildirib ki, söhbət Əhməd müəllimin övladlarının universiteti idarə etməsindən gedir:

 

"Mən düşünürəm ki, burada müəyyən anlaşılmazlıq mövcuddur. Yəni, çox güman ki, Əhməd müəllim bu məsələdə övladlarını nəzərdə tutub. Hazırda universitetin idarəçiliyini yalnız Əhməd müəllim həyata keçirmir. Bu  prosesdə onun övladları da iştirak edir. Söhbət, əslində, övladlarının universiteti idarə etməsindən gedir. Digər məsul şəxslərin də bu prosesdə rolu var. Lakin məsələni kontekstdən çıxararaq təqdim etmək, düzgün deyil".

Bu gün Azərbaycan cəmiyyətində belə bir tendensiya  dəyərsizləşdirmə və hörmətsizlik müşahidə olunur:

"Əhməd müəllim uzun müddət Milli Məclisin deputatı olub, hal-hazırda universitetin rektorudur, elmi əsərlərin müəllifidir və tanınmış bir elm adamıdır. Ona görə də bu məsələyə bu cür yanaşmaq, bu şəkildə təqdim etmək məncə, ədalətli deyil. Biz ziyalılarımıza, alimlərimizə və deputatlarımıza hörmətlə yanaşmağı bacarmalıyıq. Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində belə bir tendensiya  dəyərsizləşdirmə və hörmətsizlik müşahidə olunur. Bu isə yanlışdır və cəmiyyətimiz üçün yaxşı heç nə vəd etmir".

Əhməd müəllim həm də o tələbələrin müəllimi və universitetin rəhbəridir:

"Əgər kimininsə universitetin idarə olunması ilə bağlı sualı və ya narazılığı varsa, düşünürəm ki, bunu birbaşa universitet rəhbərliyi ilə müzakirə etmək daha doğru olar.  Təbii ki, hər bir sahədə nöqsanlar və çatışmazlıqlar ola bilər. Ola bilər ki, tələbələri narahat edən müəyyən məsələlər mövcuddur. Ancaq bu, məsələyə bu formada emosional və qeyri-etik şəkildə yanaşmağı əsaslandırmır.

Unutmayaq ki, Əhməd müəllim həm də o tələbələrin müəllimi və universitetin rəhbəridir. Ona görə də bu cür yanaşmalara biz daha həssas və məsuliyyətli olmalıyıq. Yenə də deyirəm, mümkündür ki, universitetdə tələbələri narahat edən müəyyən məqamlar olsun. Mən bunu anlayıram. Amma bunun yolu sosial mediada təhqir və ya təhdid dili ilə danışmaq deyil. Bu məsələləri universitet daxilində  dekanlıqla, rektorluqla bir masa arxasında əyləşib, müzakirə etmək lazımdır.

Söyüşlə, təhdidlə, bir-birinə hörmətsiz yanaşmaqla biz nə cəmiyyətimizi, nə də münasibətlərimizi qoruya bilərik. Cəmiyyətimizdə ziyalılarımızı, alimlərimizi və qarşılıqlı münasibət mədəniyyətini qorumalıyıq. Ona görə də mən bu kimi məsələlərə daha fərqli və sağlam yanaşmanın tərəfdarıyam".

Seçilən
11
azedu.az

1Mənbələr