Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. Əfv sərəncamının imzalanması ərəfəsində ilin sonunadək amnistiya aktının da qəbul ediləcəyi barədə xəbərlər yayılmışdı.
Amnistiya əlamətdar hadisələr - dövlət müstəqilliyimizin bərpası, konstitusion islahatlar, suverenliyin möhkəmlənməsi, tarixi şəxsiyyətlərin yubileyləri və digər mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq qəbul olunur. Amnistiyanın da Konstitusiya və Suverenlik ili münasibətilə qəbul ediləcəyi qeyd olunur.
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, amnistiyanın məhz bu cür simvolik hadisələrlə bağlı qəbul edilməsi bu aktın həm dövlətçiliyimizin humanizm prinsipləri, həm də milli ənənələrimizə uyğun gəlir.
Onun sözlərinə görə, müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub.
"Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Eyni zamanda, mənim tərəfimdən də amnistiya aktının qəbul edilməsi istiqamətində təkliflər səsləndirilib.