AZ

Çin bankları ilə əlaqələr sıxlaşır - Azərbaycanda kredit faizlərini nə gözləyir...


Aydın Hüseynov: “Bu cür razılaşmalar birbaşa olaraq kredit faizlərini dəyişmir, lakin dolayısı ilə bankların...”

Azərbaycan və Çin Mərkəzi bankları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Məlumata görə, memorandum pul-kredit siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Çinlə imzalanan bu sənəd Azərbaycanda kredit faizlərinə mütərəqqi planda necə təsir edə bilər?

“Ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində nəzərdə tutulan əməkdaşlıq isə əməliyyatların daha sürətli və ucuz həyata keçirilməsinə imkan verəcək”

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının Mərkəzi bankları arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkə arasında maliyyə sahəsində əlaqələrin güclənməsinə xidmət edir: “Sənəd pul-kredit siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Bu cür razılaşmalar birbaşa olaraq kredit faizlərini dəyişmir, lakin dolayısı ilə bankların maliyyələşmə xərclərinə təsir göstərməklə kredit dərəcələrinin mütərəqqi şəkildə azalmasına zəmin yarada bilər. Çinin digər ölkələrlə təcrübəsi göstərir ki, belə əməkdaşlıq memorandumu gələcəkdə mərkəzi banklararası valyuta svopu sazişi ilə davam etdirilə bilər. Əgər Azərbaycan və Çin arasında kredit xətti yaradılarsa, bu, banklara yuan likvidliyinə daha asan çıxış imkanı verəcək, xüsusilə ticarət əməliyyatlarının maliyyələşdirilməsində valyuta risqlərini azaldacaq. Bunun nəticəsində ticarət yönümlü kreditlərin faiz marjasında müəyyən yumşalma baş verə bilər.

Ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində nəzərdə tutulan əməkdaşlıq isə əməliyyatların daha sürətli və ucuz həyata keçirilməsinə imkan verəcək. Bank sektorunda xərclərin azalması, rəqabət şəraitində kredit məhsullarının dəyərinə də müsbət təsir göstərə bilər. Eyni zamanda, Çin Mərkəzi Bankının təcrübəsindən faydalanmaq Azərbaycan Mərkəzi Bankının inflyasiya hədəfləmə siyasətini təkmilləşdirməsinə kömək edə, uzunmüddətli perspektivdə risqlərin və gözləntilərin daha effektiv idarə olunmasına şərait yarada bilər.

Bununla belə qeyd edilməlidir ki, Anlaşma Memorandumu çərçivə xarakteri daşıyır və faiz dərəcələrinin əsas müəyyənedicisi hələ də Azərbaycan Mərkəzi Bankının siyasəti və inflyasiya göstəriciləri olacaq. Ümumilikdə, memorandum Azərbaycan bank sektorunun Çin maliyyə sistemi ilə inteqrasiyası üçün mühüm addımdır. Əgər nəzərdə tutulan istiqamətlərdə konkret mexanizmlər reallaşdırılarsa, bu, bankların maliyyələşmə xərclərini azaldaraq, xüsusən ticarət və sahibkarlıq kreditlərində faizlərin mərhələli şəkildə enməsinə səbəb ola bilər”.

Günel CƏLİLOVA

Seçilən
18
baki-xeber.com

1Mənbələr