AZ

Misir İsraili ABŞ-ın atəşkəs təklifini qəbul etməyə çağırıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Misirin Xarici İşlər Naziri Bədr Abdulati, Qəzza zolağındakı aclığın İsraildən qaynaqlandığını bildirərək, Tel-Əvivə ABŞ-ın Orta Şərq üzrə nümayəndəsi Stiven Uitkoffun atəşkəs təklifini – hansı ki HƏMAS da qəbul edib – qəbul etməsi çağırışını edib.

TurkicWorld xəbər verir ki, Abdulhati mətbuat konfransında çıxış edərkən bildirib.

Nazir Abdulati, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini ilə Misirin paytaxtı Qahirədə mətbuat konfransı keçirib.

"Fələstin məsələsinin məhv edilməsini rədd edirik və İsraili, Uitkoffun Qəzzada atəşkəs təklifini qəbul etməyə çağırırıq." - deyə Abdulhati qeyd edib.

Abdulati, Qəzzadakı aclığın “tam mənası ilə bir aclıq” olduğunu, bunun insan əli ilə yaradıldığını və buna səbəb olanın "Qəzzada aclığı bir müharibə silahına çevirən" İsrail olduğunu bildirib. O, İsrailin Qəzzadakı ekspansiya siyasətini (işğalçı planlarını) rədd etdiklərini də vurğulayıb.

İsrailin Misiri hədəf alan iddialarına da cavab verən Abdulati deyib ki, "Qahirə Rəfah sərhəd-keçid məntəqəsini hər gün 24 saat açıq saxlayır, sərhədi bağlayan İsraildir."

Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu, Qahirənin Qəzza zolağındakı fələstinlilərin hər hansı formada köçürülməsini rədd etməsinə dair açıqlamasına ilk reaksiyasında Misiri “Qəzza sakinlərini öz torpaqlarında məhbus saxlamağı üstün tutmaqda” ittiham etmişdi.

Misir Xarici İşlər Nazirliyi isə dünən yaydığı yazılı açıqlamada bildirib ki, Qahirə rəhbərliyi fələstinli xalqın zorla və ya könüllü şəkildə, hər hansı bəhanə ilə torpaqlarından çıxarılmasını, mülki şəxslərin və mülki infrastrukturun hədəf alınaraq köçməyə məcbur edilməsini qəti şəkildə pisləyir və rədd edir.

Netanyahu isə 4 sentyabr tarixində “Telegram”da yayımlanan “Abu Ali Express” kanalına verdiyi müsahibədə deyib:

“Qəzzanı tərk etmək hər bir fələstinlinin əsas hüququdur. Mən Rəfah sərhəd-keçid məntəqəsini onların çıxışı üçün aça bilərəm, amma Misir dərhal onu bağlayacaq.”

Seçilən
0
turkic.world

1Mənbələr