Sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri baş tutub.
Avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmalardan sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb:
“Bu reallıqlar həm də Bakı ilə İrəvan arasında təmasların intensivləşməsini ehtiva edir. Bu mənada düşünmək olar ki, gələcəkdə təmaslar, görüşlər daha intensiv olacaq. Bu, həm qarşılıqlı etimad mühitinin formalaşması, həm xalqların yaxınlaşması, həm də açıq qalan sualların həlli baxımından vacibdir.
Sentyabrın 5-də keçirilən görüşə gəldikdə, kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirəsi kifayət qədər müsbət məsələdir. Hər halda qeyd olunan məsələlərlə bağlı suallar açıq olaraq qalırdı. Görünən odur ki, tərəflər bu məsələlərdə də kompromis əldə etməkdə maraqlıdırlar. Vurğulanan məqamlar təkcə siyasi yox, həm də humanitar xarakterlidir. Təbii ki, onların həlli öz-özlüyündə həm də yekun sülh sazişinə töhfə verəcək”.
Politoloqun sözlərinə əsasən, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili məsələsi müsbət haldır:
“Ola bilsin, yaxın zamanda bu istiqamətdə növbəti görüşün tarixi və yeri açıqlansın. Nəzərə almaq lazımdır ki, dövlət sərhədinin delimitasiyası təhlükəsizlik məsələsidir. Bu, həm də tərəflər üçün təhlükəsizlik məsələsidir. Fikrimcə, davam edən təmaslar və konstruktiv dialoq prosesin ümumi inkişafına müsbət təsir göstərəcək”.