Tural İsmayılov: “Moskva çalışır ki, məsələ pul ödənişi ilə bitmiş kimi görünsün və məsələ bağlansın, əslində…”
Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, guya AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı səmasında vurulduqdan sonra Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı 11 milyonluq sığorta kompensasiyası ödənilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə isə bu açıqlamanı təkzib edərək bildirib ki, Rusiya belə yalan məlumatlarla Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa çalışır. Onun sözlərinə görə, sığorta ödənişi ilə Azərbaycanın Rusiyadan tələb etdiyi kompensasiya tamam ayrı anlayışlardır və bunları qarışdırmaq doğru deyil.
Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev də açıqlama verərək bildirib ki, ailəsinə heç bir kompensasiya ödənilməyib.
Beləliklə, Rusiya tərəfi yenidən feyk informasiya yayaraq məsələni ört-basdır etməyə çalışır.
Məlumat üçün bildirək ki, Rusiyanın ödədiyi təbii ki sərnişinlərin həyat sığortası haqqıdır. Lakin kompensasiya deyil. Təyyarə hətta texniki nasazlıq üzündən qəzaya uğrayanda da həyat sığortası ödənilir. Ancaq konkret bizim təyyarəyə qarşı cinayət edilib və vurulub. Bu halda həm də kompensasiya ödənilməlidir ki, qarşı tərəf cinayət törədildiyini də təsdiq və etiraf etmiş olsun. Ancaq tək sığorta ödənişi isə təyyarəyə qarşı cinayət edildiyini kölgədə buraxmış olur. Bu səbəbdən də Rusiya kompensasiya yox, sığorta ödəmək istəyir ki, tarix qarşısında cinayət edildiyini ört-basdır etsin.
Baki-xeber.com-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Rusiya XİN-in açıqlaması hadisəni qəza kimi göstərmək və məsələni sıradan bir sığorta işi səviyyəsinə endirmək cəhdidir. Halbuki AZAL-a məxsus təyyarənin vurulması açıq şəkildə cinayətdir: “Hadisə sığorta ödənişi ilə bağlanırsa, bu, qarşı tərəfin məsuliyyətdən yayınması deməkdir.
Burada Moskvanın məqsədi açıqdır. Hadisəni hüquqi-siyasi müstəvidən çıxarıb, adi texniki qəza təəssüratı yaratmaq istəyirlər. Paralel olaraq Azərbaycan ictimaiyyətində çaşqınlıq və şübhə toxumu səpmək də hədəflənir. Onlar “pul ödənilibsə, məsələ həll olunub” kimi yanlış fikir formalaşdırmağa çalışırlar.
Azərbaycan tərəfinin mövqeyi isə haqlıdır. Sığorta ödənişi ilə kompensasiya arasında ciddi hüquqi fərq var. Sığorta qəza və texniki nasazlıq hallarında işə düşür. Kompensasiya isə cinayəti törədən tərəfin məsuliyyəti qəbul etməsi deməkdir.
Rusiya məhz bu məsuliyyətdən qaçmaq üçün belə manipulyasiya edir. Bu, həm də gələcəkdə beynəlxalq hüquqi iddiaların qarşısını almaq planıdır. Yəni Moskva çalışır ki, məsələ pul ödənişi ilə bitmiş kimi görünsün və məsələ bağlansın.
Əslində sığorta ödənişi məsələsi cinayəti ört-basdır etmək cəhdidir. Azərbaycan təyyarəsinə qarşı törədilən hadisəni qəza kimi təqdim etmək məntiqsizdir, çünki Rusiya bunu sığorta ilə bağlamağa çalışmaqla həm məsuliyyətdən yayınır, həm də cinayət faktını kölgəyə salır. Əgər həqiqətən texniki qəza idisə, bu qədər siyasi manipulyasiyaya ehtiyac qalmazdı və məsələ maliyyə ödənişi ilə bitməzdi. Moskvanın arqumentləri reallığa uyğun gəlmir və əksinə, hər addımda daha çox özünü ifşa edir”.
Günel CƏLİLOVA