AZ

Növbəti delimitasiya prosesi Zəngilan Mehri istiqamətindən BAŞLAYA BİLƏR

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci il sentyabrın 5-də Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Ermənistan Respublikası və Azərbaycan ərazilərinə qarşılıqlı səfərləri baş tutub.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Belə ki, bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, o cümlədən zəruri infrastrukturun bərpası və tikintisi və onların həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından və nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasından sonra sərhədlərin delimitasiyası ilə bağlı müzakirələrin bərpa olunacağı gözlənilən idi.Çünki sülhün bərqərar olması və nəqliyyatın hərəkətinin təmin edilməsi sərhəd mübahisələrinin aradan qaldırılmasını tələb edib. Bu istiqamətdə razılaşmalar xüsusilə regional marşrutların keçəcəyi ərazilərdə daha tez həyata keçirilməlidir.

Eyni zamanda, Ermənistan Azərbaycanın dörd anklav kəndini işğalda saxlayır. Qazax rayonunun Barxudarlı, Sofulu və Yuxarı Əskipara, Sədərək rayonunun Kərki kəndlərinin işğal altında qalması potensial münaqişə mənbəyidir. Bu da öz növbəsində, ərazi bütövlüyünün və suvereliyinin qarşılıqlı tanınmasına dair Azərbaycanla Ermənistan arasında imzalanmış sülh sənədinə ziddir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtondan qayıtdıqdan sonra işğal altındakı yaşayış məntəqələrinin Azərbaycana qaytarılacağına dair açıqlaması təsadüfi deyildi. Bildirək ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına dair komissiyalar arasında əldə olunmuş razılaşmaya əsasən, 2024-cü ilin may ayında Qazax rayonunun Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin işğalına son qoyulub.

Artıq Qazax rayonunun Tavuş vilayəti ilə şərti sərhədinin 12,7 kilometrlik hissəsi 1976-cı il xəritələri əsasında delimitasiya və demarkasiya edilib. Sərhədin müəyyənləşməsi istiqamətində işlərin məhz Qazax-Tavuş istiqamətində davam etdirilməsinə dair razılaşma əldə olunub.

Ermənistan XİN-in yaydığı məlumatda Şahin Mustafayevlə Mher Qriqoryanın qarşılıqlı səfərləri hansı bölgəyə etdikləri açıqlanmasa da, komissiya sədrlərinin Qazax-Tavuş istiqamətində müzakirələr apardığına dair ehtimallar daha yüksəkdir. Çünki Ermənistan işğal altındakı kəndlərin Azərbaycana qaytarılmasında qərarlı görünür.

Sərhədlərin delimitasiyasına və demarkasiyasına gəlincə, tərəflər bu prosesin həyata keçirilməsi üçün xəritələrlə bağlı razılaşma əldə etməlidir. Eyni zamanda, Barxudarlı və Sofulu kəndlərinin işğalına son qoyulması Sovet dövründə mövcud olmuş Bakı-İcevan (Karavansaray) dəmir yolunun açılmasına şərait yarada bilər. 

Qeyd edək ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında “Tramp marşrutu”nun açılması şərti sərhədin məhz cənub istiqamətində də delimitasiya və demakrasiya işlərinin tez bir zamanda həyata keçirlməsini zəruri edir. Ona görə də tezliklə Zəngilan-Mehri istiqamətində delimitasiya prosesinə başlanacağı istisna edilmir.

Ermənistan tərəfinin yaydığı məlumatda avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər arasnda görüşün kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq hissələrinin delimitasiyası, o cümlədən zəruri infrastrukturun bərpası və tikintisi məqsədi daşıdığı xüsusi vurğulanır. Bu da Zəngəzur dəhlizinin açılması ilə əlaqədar delimitasiya prosesinin sürətlənəcəyindən xəbər verir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Zəngilan-Mehri Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr